satış kampaniyaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
satış kampaniyaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

18 Nisan 2018 Çarşamba

REKLAMMI VERSƏK, KAMPANİYAMI ETSƏK?

    Əfsuslar olsun ki, sayları hələlik az da olsa artıq bizdə də sahibkarlar yeni Ticarət dünyasının tələblərini qəbul etməyə başlayırlar. Artıq anlayırlar ki, sadəcə məhsulu yaradıb, qiymətini təyin edib, satış nöqtəsinə yerləşdirməklə iş bitmir. Bu məhsulu müştərilərə tanıtmaq, seçim üstünlüyü yaratmaq, bir sözlə markalaşdırmaq lazımdır. Yəni təqdim olunan məhsulu qısa və uzun vadədə dəstəkləmək lazımdır. Amma necə?!

    Bu mövzu ətrafında olan görüşlərimizin əksəriyyətində sahibkarların çoxunu eyni sual maraqlandırır: "Məhsulumuzu markalaşdırmaq və satışlarımızı artırmaq üçün Reklammı vermək doğrudur, yoxsa Kampaniyamı etmək?"

    Bu məqaləmdə bu sualı ətraflı şəkildə açıqlamağa çalışacam. Sona qədər oxusanız əminəm ki, faydalancağınız bir çox məlumat əldə edəcəksiniz.

    Reklam və kampaniya, hədəf müştərilərlə əlaqə qurmaq, seçim üstünlüyü yaratmaq və rəqiblərə görə daha təsirli olmaq üçün istifadə edilən taktikalardır. Ancaq hər 2 taktika istər hədəfləri, istərsə də işləmə mexanizmi baxımından bir-birindən ciddi fərqlənir. Əminəm ki, bu fərqlilikləri anlamaq onları daha doğru bir şəkildə istifadə etmənizə yardımçı olacaqdır.


     REKLAM VƏ ONUN ƏSAS XÜSUSİYYƏTLƏRİ

    Sevindirici haldır ki, reklamla bağlı cəmiyyətimizdə olan "Yaxşı mal reklam olunmaz!" stereotipi artıq qırılmaqdadır. Mövcud günümüzdə istər markaları, istər televiziya kanallarını, istərsə də sıradan bir günümüzü reklamsız təsəvvür etmək mümkün deyil. Qəbul etmək lazımdır ki, biz istəsək də, istəməsək də reklam artıq həyatımızın ayrılmaz bir parçasına çevrilmişdir. Reklam olmadan Müasir Marketinqi də təsəvvür etmək hardasa imkansızdır. Ona görə də bu vacibiyyəti anlayan əksər firmalar reklama müraciət edirlər.

    Reklam, əsas olaraq son tükəticiləri hədəf alar, onların diqqətini çəkər, markanın varlığını onlara göstərər və satış ərəfəsində onların yaddaşına markanın gəlməsini təmin edər. Ancaq reklamın işləmə prinsipini bilmədən bu fəaliyyəti tətbiq etmək şirkətinizə yalnız zərər verə bilər. Çünki hər reklam şirkətinizə fayda verməz.

    Reklamın işləmə prinsipini anlamaq üçün ilk növbədə bir gerçəyi bilmək lazımdır. İnsanların bir ehtiyacları yarandığında ilk öncə, o mal və ya xidmətin aid olduğu kateqoriya ağıllarına gəlir. Daha sonra kateqoriyadakı seçimlərin hamısını dəyərləndirib bir qərar vermək yerinə, hafizələrində olan markalardan birini seçirlər. Bu seçim əksər halda hafizədə daha böyük yer tutmuş marka üzrə olur. Ona görə, Reklamın Əsas Vəzifəsi - insanların zehnində Marka Hafizəsi yaratmaqdır. Əgər verdiyiniz reklamlar hədəf müştərilərinizin zehnində markanızla bağlı bir hafizə yarada bilməmişsə demək ki, o zaman məsrəfləriniz boşa getmişdir.

    Müştərilərinizin zehnində arzuladığınız Marka hafizəsini yarada bilmək üçün Reklamla bağlı çox vacib 2 məqama diqqət etməlisiniz:
  1. Reklamınızı müştərilərinizə İzlədə bilməlisiniz
  2. Verdiyiniz mesajın Hafizədə qalmasını təmin etməlisiniz
    İnsanların ümumi olaraq reklamlara özəl bir marağı yoxdur, hətta reklamları izləmək belə istəməzlər, əksinə reklamlardan qaçmağa çalışırlar. Məhz bir çox reklam izləyicilərin diqqətini çəkə bilmədiyi üçün şirkətlərin böyük məbləğdə pulları boşuna havaya sovrulur. "Bəs bu reklam bombardımanı çağında reklamımızı müştərilərə necə izlədəcəyik?" deyə düşünürsünüzsə bunun tək bir yolu var. Yaradıcılığınızı çalışdırıb, markanın insanların hansı işinə yaradığını duyğusal dillə göstərən reklam hazırlamalısınız. Unutmayın, duyğu daşımayan heç bir mesaj insan hafizəsinə yerləşməz və qərarlarına təsir etməz. Sizə örnək olsun deyə aşağıda 2 reklam qeyd etmişəm:

https://www.youtube.com/watch?v=xqTMwO6ha3U
https://www.youtube.com/watch?v=oSD0YigRW3o
    
   Ancaq bəzi reklamlar da var ki, onlar izləyicilərin diqqətini çəkər, hətta hədəf qrup tərəfindən maraqla izlənər, ancaq çox qısa zamanda unudular. Çünki təkcə izləmək kifayət etməz. Reklamın və verilən mesajın hafizələrdə qalmasını təmin etmək üçün mütləq və mütləq bu reklamı sıx aralıqlarla təkrar etməlisiniz. Əgər bunu etməzsəniz reklamınız çox qısa zamanda unudular və yerini başqa reklamlar tutar. Məhz buna görə hər kəs tərəfindən bilinən dünyaca məşhir markalar (Coca Cola, Ariel, Snickers, Gillette və s.) hər daim reklamlarını təkrar edirlər. Və imkan vermirlər ki, müştəriləri onların marka və mesajlarını bir an belə unutsunlar!

  Şirkətlər satdıqları mal və ya xidmətləri, insanların - niyə, harada, hansı vəziyyətlərdə, nə zaman, kiminlə bərabər, nəyin yanında, hansı şəkildə istifadə etdiklərini göstərən reklamlar hazırlaması gərəkir.
(növbəti məqalələrimdə mütləq reklamla bağlı geniş və gərəkli məlumat yazacam)


    KAMPANİYA VƏ ONUN ƏSAS XÜSUSİYYƏTLƏRİ

   İlk öncə onu qeyd edim ki, millət olaraq kampaniyalı mal almağı həddən artıq çox sevirik. 4 bir yanı iri supermarketlər olduğu halda, yeni bir supermarket açılışı zamanı qapının önünə yığılmış izdihamın bir məqsədi var - bir az daha artıq kampaniyalı mal almaq. Hətta durum elə bir səviyyə gəlib çatıb ki, kampaniya müddəti bitdikdən sonra kampaniyasız mal alan müştəri özünü aldadılmış hiss edir.

   Əlbəttə ki, belə bir vəziyyətdə kampaniyasız mal satmaq, xüsusilə də rəqibləriniz durmadan kampaniya edirsə çox çətindir. Ancaq bütün il boyu kampaniya etmək həm qazancınızı azaldar, həm də marka imicinizə ciddi zərər verər. Bunun üçün edəcəyiniz kampaniyanın dəqiq məqsədi və təyinatı olmalıdır.

   Satış Kampaniyasının məqsədi - potensial müştərini bir malı və ya xidməti test etməsi, alması, nəğd alış-veriş etməsi və ya daha çox alış-veriş etməsi üçün təşviq etməkdir. Ya da qısacası bəlli bir zaman dilimində satışları artırmak üçün edilən təşviq və hədiyyələrdir. Əgər kampaniyanı yalnız, rəqibdən qalma dala, plana çatmaq üçün və ya satış komandası istəyir deyə edirsinizsə əmin olun ki, bu vəsaitinizi boşa xərcləməkdən başqa bir şey deyildir.

Kampaniya ilə bağlı bir neçə vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm:
  • Satış kampaniyası zamanı diqqət etməniz gərəkən ən önəmli məsələlərdən biri kampaniyanın yeni müştəriləri cəlb etməsidir. Dünyaca məşhur Filip Kptlerin də dediyi kimi: "Satış kampaniyalarının ən pisi, yalnız mövcud müştərilərin reaksiya verdiyi kampaniyalardır."
  • Dağıtım kanallarına və satış nöqtələrinə edilən kampaniyalardan mümkün qədər qaçınılmalıdır. Kampaniyada verilən fayda alıcıya və ya son tükəticiyə çatmalıdır. Əgər dağıtım kanallarında bir problem varsa və ya yeni bir mal bazara təqdim edilirsə istisna kimi dəyərləndirmək olar.
  • Məhsulunuza uyğun özəl günlər varsa (il sonu, bayram, sevgililər günü və s.) mütləq kampaniyalarla bu fürsətdən yararlanmalısınız. Ancaq bu cür kampaniyalar çox öncədən planlanmalı və yaranacaq əlavə tələbə uyğun hazırlanmalıdır.
Satış kampaniyaları ilə bağlı ətraflı məlumatı aşağıda linkini qeyd etdiyim məqaləmdən oxuyub faydalana bilərsiniz:
https://ibrahimovroyal.blogspot.com/2017/11/kampaniyalar-satisi-artirirmi.html


    Hər 2 taktika haqqında bu qədər bəhs etdikdən sonra gələk Sizin sualınıza: "REKLAMMI VERSƏK, KAMPANİYAMI ETSƏK?"

    Bu suala doğru cavab verə bilmək üçün hər şeydən əvvəl şirkətinizin Marketinq Strategiyasına əsaslanmalısınız. Yəni atacağınız hər bir addım, verəcəyiniz hər bir qərar Marketinq Strategiyanızı dəstəkləyəcək şəkildə olmalıdır. Amma məsələyə ümumi prizmadan yanaşarıqsa sağlıqlı və sığortalı şəkildə böyümək üçün şirkətinizin Güclü Markalara ehtiyacı vardır. Güclü marka yaratmaq üçün isə markanızı qısa və uzun vadədə dəstəkləməlisiniz.

    Marka dəstəkləməsini sadəcə Kampaniya ilə edərsinizsə satışlarınız müvəqqəti olaraq artar, ancaq uzun vadədə markanıza bir qatqısı olmaz. Sadəcə Reklam verərək də markanızı dəstəkləmək (xüsusilə də kampaniyanı sevən ölkəmizdə) yetərli olmaz. Çünki reklam, uzun vadədə markanızı dəstəkləməyə yardımçı olar, yəni reklam verdinizsə həmən təsir göstərib qısa vadədə satışlarınızı artırmaz. Ona görə də ən doğru yanaşma hər məcrada proqramlı şəkildə dəstəkdir. Yəni büdcənizi doğru bölüşdürüb həm reklam verməli, həm də kampaniya keçirməlisiniz.

    UNUTMAYIN: Reklam, müştərinizə malı və ya xidməti niyə alması gərəkdiyini söyləyər, satış kampaniyaları isə bu malın və ya xidmətin alışı üçün müştərilərinizi təşviq edər.


    Reklam və Kampaniyaları gərəkdiyi şəkildə hazırlayıb, Markalarınızı dəstəkləmək və satışlarınızı artırmaq istəyirsinizsə bu işdə Sizə professional dəstək verməkdən məmnun olaram.

Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...


  

12 Kasım 2017 Pazar

KAMPANİYALAR SATIŞI ARTIRIRMI ???

    Son zamanlar hansı alış-veriş nöqtəsinə girirsən demək olar ki, əksər mallara kampaniyalar keçirilir. Endirimlər, hədiyyələr, bantlamalar, bonuslar və s... Və məhz bunun nəticəsidir ki, bugün kampaniyasız mal alan müştəri özünü aldatılmış hiss edir. Elə buna görə də bugün hansı şirkətə baxsaq qazanan da, qazanmayan da məcburən əksər mallarına kampaniya edir.Yəni ortalıq həqiqətən də bərbad şəkildə qarışmış vəziyyətdədir.
    Bu aralar istər şirkət rəhbərləri ilə olan görüşlərdə, istərsə də telefon,whatsapp və facebook-da mənə ünvanlanan əsas suallar da məhz bu istiqamətdədi. Aşağıdakı qeyd etdiyim bu suallar həqiqətən bugün bir çoxlarını narahat edir:
  • "Kampaniyalara gerçəkdən ehtiyac varmı?" 
  • "Kampaniyanı hansı müddətdən bir etsək daha effektiv olar?"
  • "Kampaniyanı dayandırsam satışlarıma ciddi təsir edərmi?"
  • "Hansı kampaniyalar daha effektivdir?"  və s...
    Məhz bu kimi sualları geniş və əhatəli cavablandırmaq üçün bu məqaləni yazmağı düşündüm. Və əminəm ki, sizin də bu kimi sıxıntılarınız varsa bu məqaləni oxumaqla bir çox suallarınıza cavab tapa biləcəksiniz.

     İlk öncə ondan başlayım ki, "Kampaniyalar" daha çox satış kollektivi tərəfindən istənilən və tələb edilən olsa da hazırlanması və idarə edilməsi tamamilə Marketinqə aid olan bir alətdir. Daha detallı və anlaşılır olması üçün mövzunu bir qədər açmaq istəyirəm.
     Hər bir marketinq mütəxəssisinin bildiyi kimi Marketinqin 4 əsas ayağı var ki, bunlara ədəbiyyatda 4P deyilir (daha sonralar 3-4 P daha əlavə olunmuş və bunların tükətici baxışından qarşılığı olaraq C-lər yaradılmışdır, amma bugünkü mövzumuz bu deyil 😉). Yəni bu 4P-ni ən bəsit şəkildə açıqlaması odur ki, bir marketinq mütəxəssisi olaraq əgər məhsulunuzun strateji konsepsiyasını (STP) hazırlamısınızsa bundan sonra görməli olduğunuz işlər:
  1. Məhsulunuzun dizaynı, qablaşdırılması, çeşid sayı, keyfiyyəti, loqosu, rəngi və s. haqda qərar vermək (Product), 
  2. Tükəticiyə təqdim edəcəyiniz bu məhsulunuzu neçəyə satmalısınız ki bu qiymət həm tükətici və satıcı üçün arzuolunan olsun, həm rəqabətə davamlı olsun, həm də sizə qazanc vermiş olsun (Price)
  3. Bazara çıxaracağınız bu malı hansı kanalda, hansı rəflərdə satmağı düşünürsünüz? Malınızın dağıtımını necə həyata keçirməyi planlaşdırırsınız? (Place)
  4. Deyəlim ki, yuxarıdakı 3 addımın hər birini mükəmməl şəkildə etdiniz və malınız artıq rəflərə çıxdı. Məhsul bolluğu çağında malınız haqqında müştəriyə necə məlumat verəcəksiniz? Müştəri tərəfindən məhsulunuzun tərcih edilməsi üçün seçim üstünlüyünü necə yaradacaqsınız? (Promotion)
    Mövzumuz kampaniyalar olduğu üçün Promotion üzərində dayanacam. Türk dilində "Tutundurma", bizim dildə isə "İrəliləmə" olaraq tərcümə olunmuş Promotion-nun 4 elementi var:
  • Reklam
  • Şəxsi Satış
  • Satışın həvəsləndirilməsi 
  • İctimai əlaqələr (PR)
   Bunlardan ilk 2 element əsas, sonuncu 2 element isə köməkçi elemenetlər sayılır. Bizim kampaniya olaraq adlandırdığımız və istifadə etdiyimiz aktivitələr elə əslində satışın həvəsləndirilməsi (və ya satışı təşviq etmək) elementinin özüdür.

   Satış kampaniyaları (sales promotion) bugün şirkətlər üçün həyati önəm daşımaqdadır. Marketinqin ana vətəni sayılan ABŞ-da bugün üçün kampaniyalara xərclənən vəsait ümumi marketinq məsrəflərinin 55%-nin üzərindədir. Ancaq bəzi kampaniyalar satış artışı ilə özünü doğrultduğu halda əfsuslar olsun ki bəzi kampaniyalar gözlənilən geri dönüşü vermir. Ona görə şirkətlər kampaniyalarını "qonşudan qalma dala" prinsipi ilə deyil bir sıra vacib kriteriyaları dəyərləndirərək keçirməlidirlər. 
    Satış kampaniyalarının effektiv olması üçün şirkətlər kampaniya etməmişdən öncə aşağıdakı 3 vacib sualı mütləq cavablandırmalı və kampaniyalarını bu istiqamətdə hazırlamalıdırlar:
  1. Kampaniyanın məqsədi nədir?
  2. Kampaniyanın hədəf qrupu kimlər olacaq?
  3. Kampaniya hansı müddəti əhatə edəcək?

         Kampaniyanın məqsədi.
   Keçirilən hər bir kampaniyanın məqsədi dəqiq bilinməlidir. Məqsədsiz keçirilən kampaniya boş məsrəfdən başqa bir şey deyildir. Məsrəfdən əlavə məqsədsiz keçirilən kampaniyalar əksər halda malın və ya şirkətin imicinə zərbə vurur. Keçirəcəyiniz kampaniyanın məqsədi aşağıdakılardan biri (və ya bir neçəsi) ola bilər:

  • Müştərini bilgiləndirmə
  • Yeni (tanınmayan) malı test etdirmə
  • Rəqibdən pay alma
  • Mövcud müştərilər üzrə istifadəni artırma
  • Marketə mal yükləmə 
  • Təkrar alışı artırma
  • Markanın (şirkətin) imicini yüksəltmə
  • Yeni müştəri cəlb etmə və s.

      Kampaniyanın hədəf qrupu.
   Keçirəcəyiniz istənilən kampaniyanın hədəf qrupu olmalıdır, yəni təqdim etdiyiniz bu kampaniyadan kimlər fayda əldə edəcəklər? Bu sualı cavablandırmadan ünvansız edəcəyiniz kampaniyaların effektiv olması təəssüflər ki ümidsizdir. Ümumilikdə satış kampaniyaları 3 bazar iştirakçısını hədəf alır:

  • Şirkət əməkdaşları (satış təmsilçiləri)
  • Pərakəndəçilər (mağaza yetkililəri və ya satıcılar)
  • Müştərilər (alıcılar)
  İstər kampaniya həcminə, istər kampaniyaya xərclənəcək məsrəfə, istərsə də keçirilmə çətinliyinə görə yuxarıda qeyd etdiyim bu 3 qrup bir-birindən kəskin fərqlənir. Ona görə mütləq kampaniyaya başlamamışdan öncə kampaniyanın hədəf qrupunu təyin etməlisiniz.

     Əməkdaşlara yönəlik kampaniyalar;
   Bu cür kampaniyalarda hədəf kütlə malı satan satıcılar və ya dağıtımını həyata keçirdən satış təmsilçiləri olur. Örnək olarak aşağıdakı kampaniyaları göstərmək olar:
           - İşçilər arası yarışmalar, 
           - Müsabiqələr, 
           - Hədiyyələr, 
           - Mükafatlar, 
           - Səyahətə göndərmələr və s.
   Şirkətlər bu kimi kampaniyalar vasitəsi ilə satıcılarını motivə etmək və nəhayətində satışlarını artırmaq istəyirlər. Həyata keçirilməsinə nəzarət mexanizmi varsa və ədalətlilik prinsipi qorunursa əksər halda satışların artımı ilə nəticələn kampaniya növüdür.

     Pərakəndəçilərə yönəlik  kampaniyalar;
  İstehsalçı və ya distribyutor firma tərəfindən keçirilən, hədəf kütləsi satıcılar və ya market yetkililəri olan kampaniyalardır. Firma bu kimi kampaniyalarla market satıcılarının (market yetkilililərinin) diqqətini cəlb edib öz mallarının satışlarına yönləndirmək istəyirlər. Satıcıdan-satıcıya, market yetkilisindən-yetkiliyə fərqlilik göstərən bu kampaniyaların bir çox növü var. Ən geniş yayılmış kampaniyalar:
           - Alışa görə endirim %-i
           - Satıcılara hədiyyə (pulsuz mal, kontur və s.)
           - Satdığı mal miqdarına prim 
           - Satıcılar üçün seminar və təlimlər
           - Market yetkililəri üçün klub və dərnək üzvlükləri
   Əgər malınızın satılmasında satıcı tövsiyyəsinin böyük rolu varsa bu kampaniya növünün satışlarınızın artmasına böyük qatqısı olacaq. Ən böyük riskli tərəfi - satıcıların (market yetkililərinin) kampaniyaya vərdiş etdirilməsi, kampaniyasız dönəmlərdə mal alınmaması və müştərinin potensialından artıq yüklənməsidir.

    Alıcılara yönəlik kampaniyalar;
   İstehsalçılar, dağıtım firmaları və pərakəndəçi (market) tərəfində həyata keçirilən və birbaşa alıcını (tükəticini) hədəf alan kampaniya növüdür. Market içinə girişdən tutun da çıxışına qədər satış nöqtəsinin istənilən yerində, hətta kassa da belə (bir çoxlarımız fərqində olmadan belə) bu tip kampaniyalar qarşımıza çıxmaqdadır.
    Alıcılara yönəlik kampaniyalar çox olsa da əsasən 2 qrupda birləşdirilir:

    1- Qiymətlə bağlı olan kampaniyalar
  • qiymət endirimləri (discount)
  • 2+1 və ya 3 al 2 ödə kampaniyaları
  • 2-ci mala X% endirim
  • məhsulun üzərinə bantlama (on pack promotion)
  • paket içi yerləşdirmə (in pack promiton)
  • xüsusi böyük boy (çəki) qablaşdırma
  • özəl (klub və ya kart sahibi) müştəri endirimi
  • kuponlar və s.

    2 - Qiymətlə bağlı olmayan kampaniyalar
  • bonuslar
  • lotoreya tipli kampaniyalar
  • poz-qazan kampaniyaları
  • klub üzvlükləri
  • pulsuz biletlər
  • nümunəlik (test etmək üçün) mallar
   Araşdırmalar göstərir ki, kampaniya bolluğu çağında olan müştərilər (alıcılar) işi bəxtə buraxmayıb qiymətlə bağlı olan kampaniyaları daha çox tərcih edirlər. Yəni alış-veriş etdikləri anda qazanc əldə etmək istəyirlər. Ancaq burada da bəzi incə məqamlara diqqət etmək lazımdır, belə ki müştərilər 1+1 kampaniyalarını daha çox tərcih etdikləri halda 2+1 kampaniyaları onlar üçün o qədər də cazib gəlmir. Ona görə şirkətlər kampaniya hazırlayarkən mütləq bu tipli müştəri yanaşmalarını diqqətə almalıdırlar. Örnək olaraq bir şirkət 500 qr-lıq eyni maldan 2+1 kampaniyası etmək əvəzinə, 500 qr-lıq malın üzərinə 250 qr-lıq eyni maldan 1+1 şəklində bantlama edərsə keçirdiyi kampaniya daha effektli olar.


          Kampaniyanın müddəti.
     Keçirəcəyiniz kampaniya bəlli bir aralığı əhatə etməlidir. Yəni kampaniya müddətli və ya bəlli bir dönəmlərdə olmalıdır ki, hədəf qrup bunu qaçırılmayacaq bir fürsət kimi görsün. Yox əgər siz bunu il boyu hər ay edirsinizsə bu artıq kampaniya deyil, sizin qiymət siyasətiniz olmuş deməkdir. Bu zaman isə siz kampaniyadan nəinki istədiyiniz nəticəni ala bilməyəcəksiniz, hətta əksər hallarda şirkətinizin və ya markanızın imicinə zərbə də vurmuş olacaqsınız.
     Bəzi şirkətlər hətta "Son 5 gün", "Mövsümün son kampaniyası", "Bahar kampaniyası" kimi tanıtım və xatırlatmalarla kampaniyaların effektivliyini daha da artırılar. Alıcılara yönəlik kampaniyalarda yüksək effekt göstərən bu yanaşma bəzi hallarda pərakəndəçilərə yönəlik kampaniyalarda əks təsir göstərə bilir. Örnək: bitmə tarixi bəlli olan, kampaniya dönəmində mal almayan, amma bitməsinə 1 gün qalmış, potensialından çox yüksək miqdarda (növbəti 3-4 ayda sata biləcəyi miqdarda) mal almış müştərinin şirkətə faydalılığı hökmən dəyərləndirilməlidir.


    Dəyərli şirkət yetkililəri, əgər kampaniya edib buna pul xərcləyirsinizsə bunu kitabına, qaydasına uyğun edin ki sizə effektiv olaraq geri dönüş etsin. Yəni uzun və ya qısa dönəmdə satışlarınızı artırmış olsun. Əgər satışlarınız artmırsa deməli işi gərəkdiyi şəkildə görməmisiniz.
    Sizi əmin edirəm ki, doğru şəkildə edilmiş kampaniyalar satışı artırır!
    Unutmayın, REKLAM məhsulunuz haqqında bilinirlik yaradırsa, SATIŞ KAMPANİYALARI məhsullarınızın satılması və satın alınması üçün bir səbəb yaradır.

    Bu kimi məsələlərlə bağlı daha əhatəli bilgi almaq istəsəniz Sizə professional dəstək verməkdən məmnun olaram.


Tel: 055 704 74 72