yetkinlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
yetkinlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Mart 2024 Perşembe

HƏYAT MƏKTƏBİNDƏ UĞURUN SEHRLİ FORMULU

   İnsan övladının həyatı 2 mərhələdən ibarətdir: Məktəb həyatı və Həyat məktəbi

  Ömrümüzün 15 il civarı məktəb həyatında get-gəllərlə keçir. Səbəb isə həyat məktəbində gərəkənləri məktəb həyatında əldə etmək üçün.

Bəs gerçəkdən gərəkənləri əldə edə bilirikmi?

-          İllərlə Riyaziyyat oxuyuruq, ancaq sonda yadda qalan elementar riyaziyyat bilgiləri olur

-          İllərlə Fizika oxuyuruq, içimizdən bir fizik çıxmır

-          İllərlə Kimya keçirik, kimyəvi reaksiya necə aparılır bilmirik

-          İllərlə Çoğrafiya keçirik, koordinatla obyekt təyin edə bilmirik

-          İllərlə Biologiya və Anatomiya keçirik, ancaq Qalxanabənzər vəzinin harada yerləşdiyini dəqiq bilmirik

-          İllərlə Musiqi dərsi keçirik, ancaq notları tanımırıq

-          İllərlə Bədən tərbiyəsi (idman) keçirik, ancaq bu ən yaxşı halda furbol oynamaqdan o tərəfə keçmir.

Görünən odur ki, məktəb həyatı bizə gərəkən bilgiləri ötürməkdə yetərsiz qalır.

   Digər tərəfdən məktəb həyatında bizə öyrədilənlərə nəzər saldıqda açıq aydın görünür ki, sistem bizlərə ancaq BİLGİ  ötürmək üzərinə qurulub. Yəni sistem bizim daha bilgili, daha savadlı, daha intellektual olmağımıza hesablanıb. Burdan belə çıxır ki, biz daha bilgili və savadlı olarıqsa Həyat məktəbində daha uğurlu olarıq!

   40 yaşımda gəldiyim qənaət bunun belə olmadığıdır. İstər iş, istər ailə, istərsə də şəxsi həyatımızda uğurlu ola bilməyimiz çox az həcmdə İntellektual Zəka ilə bağlıdır. İnsanın uğurlu ola bilməsi onun YETKİNLİYİ ilə bağlıdır.

Yetkin insan – Duyğu və düşüncələrini idarə edə bilən insandır.

   İntellektual zəkanın “100%” olması bizim yetkin insan olmağımız anlamına gəlmir. Yetkinlik Emosional zəka ilə bağlıdır.

   Oxford və ya Harvardı bitirmiş birisi Emosional zəkaya sahib deyilsə, onun çox bilgili olması uğurlu olacağı anlamına gəlmir. Düzdür işə qəbul zamanı İntellektual zəka gərəkəcək, ancaq Emosional zəka kifayət deyilsə irəliləmək mümkün olmayacaq. Şəxsən çox bilgili insanlar tanıyıram ki, duyğu və düşüncələrini doğru idarə edə bilmədikləri üçün istər iş həyatında, istərsə də şəxsi həyatlarında uğurlu ola bilmirlər.

Məsələnin təzad tərəfi isə məktəb həyatı bizə Emosional zəka ilə bağlı heç nə öyrətmir. Onun üçün:

-          İş həyatına atılanda qarşılaşdığımız ilk problemdə depresiyaya düşürük

-          Rəhbərimiz bizə “bağırdığında” necə düzgün reaksiya verəcəyimizi bilmirik

-          Üzümüzə gülüb ayağımızdan çəkən iş yoldaşı ilə necə münasibət quracağımızı bilmirik

-          İlk sevgimiz uğursuz olanda depresiyaya düşürük

-          Həyat yoldaşımızla xırda mübahisələrdə həll yolu tapa bilmirik

-          Dostlarımız bizi itirib-axtarmayanda empati qurmaq əvəzinə inciyirik

   Yəni biz insan övladı duyğusal varlıqlarıq. İstənilən münasibətlərdə nə qədər zəkamızdan istifadə etməyə çalışsaq da sonda nöqtəni qoyan duyğularımız olur. Duyğuları formalaşdıran isə düşüncələrdir. Siz mənfi hadisələr haqqında düşünüb müsbət duyğularda ola bilməzsiz.

   Örnək: Deyəlim bir iş yoldaşınız var. Düşünürsüz ki, bu yoldaş sizin uğurunuza sevinmir, əksinə sizi hər məqamda əzməyə çalışır. Siz istəsəz də, istəməsəz də bu düşüncələr həmin insana qarşı sizdə mənfi duyğular yaradacaq.  Sizin emosinal zəkanız yetərli deyilsə, yəni duyğu və düşüncələrinizi idarə etməyi bacarmırsızsa bu mənfi duyğularınızı istənilən məqamda ona ötürəcəksiz. Bu da öz növbəsində sizin iş keyfiyyətinizə mənfi təsir edəcək. Ancaq həmin yoldaş yüksək Emosinal zəkaya sahibdirsə sizin duyğu və düşüncələrinizlə əylənəcək. Bütün məsələlərə pozitiv çərçivədən baxdığı düşünüldüyü üçün daha professional görünəcək. Sizin isə adınız şikayətçi, məsələlərə neqativ yanaşan biri olaraq qalacaq. Sonda Emosinal zəkası yüksək olan həmin yoldaş karyera pilləsini addımladıqda siz yerinizdə sayacaqsınız. Və hər zaman öz-özünüzə deyinəcəksiz ki, mən ondan daha savadlı olduğum halda niyə heç kim məni görmədi.

   Duyğu və düşüncələr yaban atı kimidir. Ona minmək üçün öncədən mütləq tərbiyə etməlisiniz. Əks halda sizi yerə çırpacaq.

   “Təcrübədə emosional intellekt” kitabının müəllifi Castin Bariso emosional zəkanı inkişaf etmək üçün 13 meyar müəyyən edir. Onlardan bəziləri:

-          hisslərin və emosiyaların fərqində olmaq,

-          danışmazdan və ya hərəkət etməzdən əvvəl fasilə vermək,

-          edilən tənqidə fürsət kimi baxmaq,

-          dəyərlərə və prinsiplərə sadiq qalmaq,

-          təsəlli qabiliyyətinə malik olmaq,

-          başqalarını dəyərləndirmək və ruhlandırmaq,

-          üzr istəməyi bacarmaq və səhvləri etiraf etmək,

-          öhdəlikləri yerinə yetirmək,

-          başqalarına kömək etmək.

   Həyatınızın hansı etapında olursuzsa olun, duyğu və düşüncələrinizi tərbiyə edə bilərsiniz. Bu asan işdirmi, qətiyyən yox! Ancaq xırda addımlarla işə başlayın və müsbət nəticələrini gördükcə bu sizi daha da motivə edəcək.

 
Faydalı olması diləyi ilə...



27 Ocak 2018 Cumartesi

NİYƏ TƏLİM VƏ KONSULTASİYA ALMALISINIZ?

    Hər bir ölkədə olduğu kimi bizim ölkəmizdə də iş dünyasının özünəməxsus qaydaları, prinsipləri və çərçivəsi vardır. Alman dəqiqliyinə və ya Yapon fəlsəfəsinə sahib olmasaq da özümüzə xas bir biznes mühitimiz var. Pis və ya yaxşı... Üstün və ya zəif... Bu məqalədə qətiyyən bunu araşdırmayacam. Zatən bunu aşağı-yuxarı hamımız bilirik.
    Ancaq əminliklə deyə bilərəm ki, harada fəaliyyət göstərməyindən asılı olmayaraq biznesdə Uğur və ya Uğursuzluq, zamanında alınan və ya alınmayan qərarların bir nəticəsidir. Əfsuslar olsun ki, söhbət qərar məsələsinə gəldikdə bizim şirkətlərdə əksər hallarda qərarı bir tək nəfər bilir və o verir. Bütün iplər onun əlində olur və o hansı tərəfə istərsə o tərəfə şirkəti yönləndirə bilər. Bəlkə də onlar haqlıdır, çünki şirkət onlarındı. Əziyyət çəkib şirkət qurublar, axı niyə ipləri bir başqasına versinlər?!
     Əgər Siz də belə düşünürsünüzsə sizə bir TÖVSİYƏ! Şirkət bir başqa şeydi, Biznes bir başqa şeydi. Şirkəti tək idarə edə bilərsiniz, amma biznesi əsla! Adından da göründüyü kimi Biznes "Biz" anlayışını gərəkdirir. Əgər hər şeyi Siz düşünüb, qərar verib, icra etdirirsinizsə əmin olun ki, bu zaman öz bilgi, təcrübə və yaradıcılığınız çərçivəsində bunu edə bilərsiniz. Bu isə o deməkdir ki, yanılmaq, yanlış qərar vermək, şirkətinizi zəiflətmək ehtimalınız daha yüksəkdir. Çünki Siz nə qədər bilgi, bacarıq və təcrübəli olsanız da "tək əldən səs çıxara bilməyəcəksiniz". (istəyən varsa, tək əli ilə bunu yoxlaya bilər 😊 )
     Əgər sağlam biznes qurmaq istəyirsinizsə buna şirkətinizdə "Biz" anlayışını yaratmaqla başlamalısınız. Çünki "Zəncir, ən zəif halqası qədər güclüdür". Siz nə qədər güclü məşqçi olursanız olun, meydançaya çıxıb qapını qoruyan da, hücum edən də, qol vuracaq olan da komandanızdı. Əgər bunu edəcək komandanız yoxdursa geri qalan hər şey boşdu.

     Bilmədiyini bilməyən sahibkarlar kimi bilmədiyini bilən sahibkarlar da var. Belə ki, bu sahibkarlar öz risk alma qabiliyyəti hesabına şirkət qururlar, daha sonra bilgi və bacarıqları ilə şirkəti bir yerə qədər gətirib çıxardırlar. Daha sonra işə doğru adamlar alıb, onların bilik və təcrübələrindən də yararlanmağı bacarırlarsa işlərini bir qədər də böyüdə bilirlər. Ancaq bəlli bir dönəmdən sonra əvvəlki inkişafın davamı gəlmir. Çünki hər gün təkrarlanan (rutin) davranışlar çalışanlarda iş korluğuətalət yaratmağa başlayır. Sahibkar da, rəhbər işçilər də, sıravi çalışanlar da yerində saymağa, rəqabətə cavab verəcək dəyişimi həyata keçirə bilməməyə başlayırlar. Və belə bir vəziyyət yarandığı zaman hər kəs bu hipnozun içində olduğundan heç kim gerçək səbəbi aydın görə bilmir. Sahibkar rəhbər işçiləri, rəhbərlər çalışanlarını, çalışanlar isə müştəriləri, rəqibləri və bazar şəraitini günahkarlandırmağa başlayırlar. Və bu məsələ bu şəkildə davam etdikcə yuxarıdan aşağı hər kəsin əsəbləri tarıma çəkilməyə başlayır, işə və şirkətə qarşı olan bağlılıq azalır.

     Belə bir vəziyyətdə işlərin tıxandığını görən və bunu etiraf edə bilən sahibkarlar ilk öncə özlərini, daha sonra isə çalışanlarını bu sahədə inkişaf etdirərək hipnozdan çıxarmağa çalışmalıdırlar. Bu məsələdə qıraqdan professional dəstək almaq çox önəmlidir. Professional dəstəyi Təlimkonsultasiya olmaqla 2 şəkildə almaq olar. İlkin olaraq işə təlimlərlə başlamağınız daha məqsəduyğun olacaq. Əgər alınan təlimlərlə istənilən səviyyəyə çatmaq mümkün olmursa demək ki, ortada bir sistem problemi var. O zaman konsultasiya xidməti alaraq bu problemi aradan qaldırmaq lazım gələcək.
     Şirkətlər üçün həyati önəm daşıyan bu məsələni bir qədər də anlaşılır etmək üçün ətraflı izah etməyə çalışacam.

     İstər şirkət daxilində, istərsə də şirkət xaricində baş verən dəyişiklikləri anlayıb, onları şirkətin leyhinə çevirmək və şirkətinizi inkişaf etdirə bilmək üçün hər zaman doğru insanlara ehtiyacınız var. Ancaq bu insanlardan yüksək nəticə almaq üçün onları Yetkin və İstəkli səviyyəyə gətirməniz lazımdır.



     YETKİNLİK.

   Təbii ki, şirkətinizdə çalışanların müəyyən səviyyədə bilgi, bacarıq və təcrübələri vardır. Ancaq şirkətinizdə, yuxarıda qeyd etdiyim problemlərlə qarşılaşırsınızsa bilin ki, çalışanlarınızın bu yetkinliyi yaranmış bariyeri aşmaq üçün kifayət etmir. Ona görə onlara mütləq qıraqdan dəstək verməlisiniz. Bunun ən yaxşı və ideal yolu isə onlara bu istiqamətdə Təlimlər verilməsidir.

  Təəssüflər olsun ki, ölkəmizdə hələ də çalışanların yetkinliyinin artırılmasına investisiya ayırmağı gərəksiz məsrəf kimi dəyərləndirən şirkətlər çoxdur. Bəli bu bir məsrəf kimi görünə bilər, amma yetkinliyi tam olmayan çalışanların qaçırdığı fürsətlər şirkət üçün daha böyük itki deyilmi?

   "Övladınızın uzun boylu və fiziki sağlam olduğunu düşünün. Sizcə bu özəlliklər onun bacarıqlı basketbol oyunçusu olmağına kifayət edərmi? Əlbəttə ki etməz! Bunun üçün onu idman məktəbinə yazdırmalı, basketbol üçün gərəkən təməl bacarıqları almasını təmin etməlisiniz. Daha sonra onu idman klubuna qoymalı və bir məşqçi ilə çalışdırmalısınız. Məhz bu addımlardan sonra övladınız inkişaf etməyə və özünü aşmağa başlayacaqdır."
 
    Gərəkən təlimi alan çalışanlarınız da aşağıdakı faydaları əldə etmiş olacaqdır:
  • bilgi və bacarıqlarını artıracaqlar
  • bilgi və bacarıqları artdıqca özgüvənləri yüksələcək
  • Özgüvəni yüksələn çalışanlar potensialını artırıb özlərini inkişaf etdirəcəklər
  • İnkişaflarını gördükcə şirkətə olan bağlılıqları daha da artacaq
    Sahibkarlarla görüşdüyüm zaman bir çoxunun ortaq düçüncəsi: "Çalışanlara təlim verdiyimiz zaman özlərini inkişaf etdirib şirkəti tərk edirlər, bunun mənə nə faydası?" şəklində olur. Bu şəkildə düşünən sahibkarlara bir tək cavab verə bilərəm. "Elə bir çalışma şəraiti yaradın ki, çalışanlarınız sizi tərk etməsin".


     İSTƏKLİLİK.

   Bugün əksər şirkətlərin ən böyük problemlərindən biri çalışanların istəksiz olmasıdır. Sizcə bunun səbəbi nədir? Əmin olun ki, bunun başlıca səbəbi mövcud çalışma şəkliniz, yəni Sisteminizdir.
Çalışanlarınız nə qədər bilgili, bacarıqlı və təcrübəli olsa da, əgər mövcud sisteminiz bunu dəstəkləyəcək şəkildə deyilsə təəssüflər olsun ki heç bir şansınız yoxdur!

   Şirkətin strukturu, vəzifə təlimatları, iş axışları, fərdlər arası münasibətlər və s. sisteminizin parçalarıdır. Önəmli olan sistemin harasında boşluğun və ya sıxıntının olduğunu doğru təsbit etmək və onu aradan qaldırmaqdır.

    Ancaq Siz nə qədər çalışsanız da sıxıntının gerçək qaynağını çox vaxt aşağıdakı 3 əsas səbəbdən dolayı təsbit edə bilmirsiniz:

  1. Şirkətinizi çox sevidiyinizdən çatışmazlıqlarını ya görməzsiniz, ya da görmək istəməzsiniz;
  2. Çalışanlarınız Sizdən asılı olduğu üçün gerçək səbəbləri səsləndirməyə qorxarlar;
  3. Sistemin içində olduğunuzdan sıxıntının tam olaraq nədən və ya haradan qaynaqlandığını təyin edə bilməzsiniz
   Əfsuslar olsun ki, şirkətlərdə bu cür sıxıntılar yaşanmağa başlandıqda bunu ciddiyə almır, motivasyonsuz və istəksiz çalışanları ay sonu mükafatları ilə istəkli hala gətirməyə çalışırıq. Amma əmin ola bilərsiniz ki, bu ağrıkəsici effektindən başqa bir işə yaramayacaq. Unutmayın, Xəstəliyin gerçək qaynağını bilib onu müalicə etmədən aldığınız ağrıkəsici yalnız saatlıq təsir göstərəcəkdir!
    
    Sistemlə bağlı problemləri olan şirkətlər üçün ideal çözüm Konsultasiya xidməti almaqdır. Doğru alınan konsultasiya xidmətinin Sizə və şirkətinizə aşağıdakı faydaları olacaq:
  • Professional Konsultant, şirkətinizin gərəkən bölümlərini ayrı-ayrı incələyər, yaranmış və yarana biləcək əksiklikləri doğru şəkildə təyin edir;
  • Həm sistemin içində iş korluğu yaranmayan, həm də ön mühakimələri olmayan bir konsultant şirkətinizin sıxıntılarını doğru təsbit edər;
  • Sizdən asılılığı olmadığı üçün müşahidə etdiyi sıxıntıları sizə olduğu kimi təqdim edər və həll yollarını göstərər;
  • "Test etmə-Yanılma" ilə nəticə almağa çalışdığınız fəaliyyətlər sizin üçün həm pul, həm də vaxt itkisinə səbəb olur. Təcrübəli və sahəsində professional olan konsultant isə Sizi hər iki itkidən xilas edər və ya minimuma endirər;
  • Professional Konsultant, sektorunuzda və iş dünyasında baş verən dəyişiklik və yeniliklərlə bağlı Sizi bilgiləndirər, öz təcrübələrini Sizinlə bölüşər.


    "Təlimçi və ya Konsultant bu işləri yaxşı bilirsə niyə özünə firma açıb daha zəngin iş adamı olmur?"

    Təbii ki aramızda bu şəkildə düşünənlərin sayı çoxdur. Ona görə cavablandırmağı məcburiyyət hesab etdim. 
    İlk öncə onu deyə bilərəm ki, söhbət yalnız Professional Təlimçi və ya Konsultantdan gedir. Yəni bu işin teorisinə hakim və mütləq fikirlərini təcrübəsində test etmiş, ən azı 10 il bu sahə üzrə təcrübə əldə etmiş insandan. Digər tərəfdən işçi sayı yüzlərlə və dövriyyəsi milyonlarla olmasa da bu adamların da bir firması və ən azı 2-3 çalışanı olur, müqavilə bağlayıb xidmət satırlar. Sizin düşündüyünüz sahibkarlardan tək fərqi, oturaq çalışmaq əvəzinə səyyar xidmət göstərirlər. Və əmin olun ki, onlar məhz bu xüsusiyyətlərinə görə bu istiqaməti seçiblər. 

     Dəyərli sahibkarlar, əgər zamanınız varsa bu yazdıqlarımı oxuduqdan sonra üzərində bir qədər düşünün. "Eyni şeyləri edərək fərqli nəticələr gözləmək dəlilikdi" deyir Eynşteyn. Yəni təlimlər və konsultasiyalar alaraq özünüzü və şirkətinizi inkişaf etdirib istədiyiniz səviyyələrə gətirə də bilərsiniz, və yaxud öz bilgi və bacarıqlarınızla işə davam edib hər gün vəziyyətin düzələcəyinə ümid də edə bilərsiniz. Seçim Sizindir! Ancaq məncə ümid etməkdənsə vəziyyəti düzəltməyə çalışmaq daha ağıllı addım olar.

    Marketinq və Satışla bağlı təlim və konsultasiya almaq istərsəniz Sizə professional dəstək verməkdən məmnun olaram.

Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...