yeni müştərilər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
yeni müştərilər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Mayıs 2019 Cuma

BUNLARI EDİN Kİ MÜŞTƏRİLƏRİNİZ QAÇMASIN!

    Müasir biznesdə ən qıt qaynaq MÜŞTƏRİDİR. Qıt olmaqla yanaşı həm də daha çox bilgili, daha çox diqqət tələb edən, hər şeyin anında olmasını istəyən, çox zamanı olmayan müştərilərlə üz-üzəyik. Digər tərəfdən isə bu müştəriləri qazanmaq uğrunda mübarizə aparan (istər online, istər offline) firmaların sayı hər keçən gün artır və bu da bərabərində rəqabəti daha da kəskinləşdirir. Ona görə əldə olan müştərilərin dəyərini bilməyən, müştəri bazasını hər daim artırmağı hədəfləməyən şirkətlər gec-tez məhv olmağa məhkumdurlar.
   Əfsuslar olsun ki, əksər firmalarımız hələ də bu məsələnin ciddiyətini anlaya bilməyib. Apardıqları yanlış siyasət nəticəsində yeni müştərilər qazanmaq bir tərəfə dursun, heç əldə olanı saxlaya bilmirlər. Yəqin ki, aşağıda qeyd etdiyim hallarla Sizlər də tez-tez rastlaşırsınız:
  • Bəzi Satış nöqtələrində müştəri əlindən tərpənmək olmadığı halda, bəzilərində satıcılar müştəri gözləməkdən yorulur. Niyə ???
  • Bəzi satış nöqtələrini müştərilər öz yaxınlarına tövsiyə etdikləri halda, bəzi satış nöqtəsindən çıxan müştəri ora təkrar qayıtmaq istəmir. Niyə ???
  • Bəzi satış nöqtəsində saatlarla vaxt itirsən də axtardığını tapa bilmirsən, ancaq bəzilərində nəyinki axtardığını həmən tapırsan hətta planda olmayan yeni mallar da alırsan. Niyə ??? 
    Bu məqaləmdə məhz bu "NİYƏ"-lərə işıq tutmağa çalışacam. Və Sizləri əmin edirəm ki, "NİYƏ"-lərlə bağlı yazdığım qeydləri diqqətə alıb iş prosesinə tətbiq etsəniz, nəinki müştərilərinizin "qaçmasını" önləyəcəksiniz, həm də satışlarınızı ən az 30-35% artıracaqsınız.

    Yüksək satış edən ticarət nöqtələrini zəif satış edənlərdən fərqləndirən 2 başlıca göstərici var:
  1. "Çevirmə" əmsalı; (yəni satış nöqtəsinə daxil olan müştəridən neçəsini alıcıya çevirə bilirsiniz?)
  2. "Verimlilik" əmsalı; (yəni hər bir alıcı başına ortalama nə qədər satış edirsiniz?)
   Əgər diqqət etsəniz yüksək satışları olan Ticarət nöqtələri hər 2 göstərici ilə satışları zəif olanlardan ciddi şəkildə fərqlənir. Yəni onlar satış nöqtəsinə daxil olan potensial müştərilərin daha böyük qismini real alıcıya çevirə bilir və bu alıcılara daha çox mal sata bilir. Bunun əksinə Aşağı satışları olan nöqtələr isə daxil olan potensial müştərilərin çox az bir qismini real alıcıya çevirə bilir və onlara çox mal sata bilmirlər. 
   Əminəm ki, bu məqamda bir çoxlarınız bu sualı səsli düşünür: "Röyal bəy, mağazaya gələn varmı ki, alıcıya da çevirək və daha çox sataq?". Əgər belə bir sıxıntınız varsa əmin olun ki, bunun 2 əsas səbəbi var və hər ikisi də sizdən asılıdır. Ya Satış nöqtənizi doğru yerdə açmamısınız, ya da Çevirmə əmsalına vaxtında diqqət etməmisiniz. Çünki ilk başlarda satış nöqtəsinə daxil olan potensial müştəri sayının çox olmasına baxmayaraq, Çevirmə əmsalınız zəifdirsə bir müddətdən sonra mağazaya girən müştəri sayı kəskin azalacaq və tədricən mağazaya müştəri girməyəcək. 
  Bəs bu qədər əhəmiyyətli olan Çevirmə Əmsalı niyə bir çox satış nöqtəsində aşağıdır?
  Niyə əksər ticarət nöqtəsi potensial müştərini real alıcıya çevirə bilmir?
  Niyə əksər ticarət nöqtəsi müştərini əlindən qaçırır?
İndi gəldik məqalənin əsas yerinə. Bunun 3 başlıca səbəbi var. Hansı ki, məhz bu 3 amilə diqqət etsəniz nə müştəriləriniz qaçmayacaq, nə də ki satış sıxıntınız olmayacaq.

  1. Satıcı İstismarı

    Əgər müştərilər mağazanıza girər-girməz qaçırsa əmin olun ki, bunun birinci səbəbi müştəriyə "hücum çəkən" SATICILARINIZDIR. Müştəri mağazaya daxil olar-olmaz yanında satıcı "bitdiyini" görürsə uzağı 60 saniyə sonra o mağazanı tərk edəcək. Sizin içəridə nə sərgilədiyiniz, nə satdığınız onun üçün o qədər də maraqlı olmayacaq. Çünki müasir müştəri tamam fərqli düşüncəyə sahibdir. O içəridə sərbəst dolaşmaq, sərbəst seçim etmək, sərbəst qərar vermək istəyir.
   Vaxtınız olanda AVM-lərdə yerləşən brend geyim markalarının (ZARA, LC Waikiki, FLO, Burberry və s.) satış nöqtələrini dolaşmaqda fayda var. Baxın görün oradakı alıcı-satıcı münasibətləri necə tənzimlənib. Düzdür, son zamanlar onların da içində bu münasibətləri "bizimsayağı" tənzimləməyə keçənlər də var. Örnək olaraq daxil olun Defactoya, əlinizə bir zənbil alın və 10 dəqiqə içəridə dolaşın. Bir müddətdən sonra arxanızca Sizi addım-addım kölgəniz kimi izləyən satıcıdan rahatsız olmamağınız əldə deyil. Nədir ki, "yazıq" satıcı müştəri alış-veriş etdikcə balansına bal toplayacaq və bundan maaşı formalaşacaq. İnanın bu metod heç bir müştərinin ürəyincə deyil, əksinə bu şəkildə "dəstəklə" onları narahat etmiş olursunuz.
   "Bəs o zaman satıcıya nə gərək var?" deyə düşünəcəyinizi bilirəm. İcazənizlə onu da izah edim. Satıcılar düzgün alıcı-satıcı münasibətləri tənzimləməkdə sizin əsas köməkçinizdir. Daha açıq desəm, satıcılarınız müştəriyə hücum etmək əvəzinə aşağıdakı işləri görməlidir:
  • içəri daxil olan müştərini mütləq salamlamalıdır (qarşılamalıdır demirəm), əlində işi olsa belə uzaqdan bədən dili (başı və gözləri) ilə bunu müştəriyə hiss etdirməlidir
  • uzaqdan gözü ilə müştərini izləməli və yalnız müştəri istəyərsə (dəvət edərsə) yaxınlaşıb yardımçı olmalıdır
  • vitrinləri nəzarətdə saxlamalı, boş yerləri doldurmalı, dağılan yerləri yenidən düzəltməlidir.
Təbii ki, bu yazdıqlarım satıcıların görməsi gərəkən işlərin hamısı deyil, sadəcə əsas bir qismidir. Burada diqqətinizə çatdırmaq istədiyim, satıcılarınıza düzgün istiqamət verin ki, nə onlar işsiz qalmasın, nə də ki Siz müştərisiz! Düzgün istiqamət dediyim isə SATMAQ deyil, SATINALDIRMAQ fəlsəfəsinə əsaslanır. İkisi bir-birindən tamamilə fərqlənir.

  2. Doğru Tərtibat və Təqdimat

    Deyəlim ki, satıcılarınıza gərəkən təlimi verdiniz və onlar müştərilərə necə davranmaq gərəkdiyini öyrəndilər (təbii ki, bu işdə Sizə sevə-sevə dəstək olmağa hazıram) Ancaq bu yetərlimi? Əlbəttə ki xeyr. Düzgün xidmətlə yanaşı mağazaya daxil olan müştərini orada saxlaya bilmək üçün onun duyğularına da təsir etməyi bacarmalısınız. Bunun üçün müştərinin duyğu orqanlarına (görmə, eşitmə, qoxulama, dadma, toxunma) düzgün şəkildə xitab etməlisiniz. Bunun yolu isə mağazanın doğru tərtibatından və məhsulların düzgün təqdimatından keçir. Bunun üçün aşağıdakıları nəzərə almalısınız
  • "Az hər zaman çoxdur", yəni mağazanı xirtdəyinə qədər mal və vitrinlərlə doldurmayın. Bu zaman həm müştərinin gözünü yormazsınız, həm də sərbəst dolaşmağı üçün boş sahə yaratmış olarsınız
  • Məhsullarınızı təmiz və işıqlı vitrinlərdə, manikenlərdə göz oxşayacaq şəkildə təqdim edin
  • "Çox satan", "yeni gələnlər", "endirimdə olan mallar", "bu ilin dəbi" kimi bölümlər yaradaraq müştəriləri yönləndirməyə çalışın
  • Müştərinin seçdiyi malı rahat yoxlaya bilməsi üçün əlverişli şərait yaradın
  • Mağaza daxili temperatur həyati dərəcədə əhəmiyyətlidir (içəridə istidən tərləyən satıcını görən müştəri bu acı taleyi yaşamaq istəməz)
  • Xoş qoxu alış-veriş üçün möhtəşəm atmosfer yaradar. Qoxunun bu gücündən istifadə edin
  • Hədəf kütlənizə uyğun müsiqi səsləndirərək alış-verişi daha əyləncəli hala gətirin
  • Kişi və qadın məhsullarının mağaza daxilində yerləşdirilməsinə xüsusi diqqət edin. Kişilər axtardığı şeyləri başqasından soruşmaqdan heç xoşlanmazlar. Ona görə kişilərə aid malların həmən girişdə və ya rahat görülə biləcək yerlərdə, göz qabağında olması kişilərin alış-veriş düşüncəsinə uyğundur. Qadınlar isə daha çox gəzməyi və axtarmağı sevdikləri üçün onlara aid əsas malları daha içərilərə doğru yerləşdirməyiniz məqsədəuyğun olacaq.
Unutmayın ki, mağazaya daxil olan müştərini cəlb edib saxlaya bilməniz üçün çox az zamanınız var. Müştəri axtardığı malı həmən tapa bilmirsə, yeniliklər onu cəlb etmirsə, istidən (və ya soyudan) ürəyi sıxılırsa, həyatında qulaq asmadığı "bayağı" mahnıları mağazanızda eşidirsə əmin olun ki, satış əldən getdi!

   3. Yanlış Qiymət Siyasəti

     Müştəri içəri girər-girməz 2-3 dəqiqə ərzində qiymət analizi aparır. Əgər qiymətləriniz "MƏNİ ALMA!" deyə qışqırırsa məsələ bitmişdir. Satıcılarınız "ağzıyla quş tutsa" xeyri yoxdur. Məhsul seçimində qiymət önəmli bir faktordur. Digər bir önəmli faktor artıq ətrafınızda olan ticarət nöqtələri ilə qiymət rəqabəti aparmağınız kifayət etmir. Əmin olun ki, mağazanızın qapısından içəri daxil olan müştəri satdığınız malın qiymətini aşağı-yuxarı dəqiq bilir. Hətta bilməsə belə qiymət müqayisəsini əlindəki telefonu ilə elə sizin mağazanızda aparır. Belə bir vəziyyətdə qiymət təyin edərkən 100 ölçüb 1 biçməlisiniz.
    Burada diqqət etməniz gərəkən 3 məsələ var. Birincisi, qiymətlərinizin hədəf kütlənizə uyğun olmasıdır. Yəni "Tarqovuda" oturub "Sədərək" qiymətinə mal təqdim etsəniz müştərinin şübhəsi onu Sizdən uzaqlaşdıracaq. Əksinə, "Sədərəkdə" oturub "Tarqovu" qiymətinə də mal təqdim etməyiniz müştərini Sizdən uzaqlaşdıracaq. 
İkinci önəmli məsələ isə mallarınızın "BAHA" olmamasıdır. Burada 2 anlayışı bir-birindən fərqləndirməniz lazımdır: "BAHA" başqa, "BAHALI" başqa. Biri müştəri qaçırar, digəri müştəri çəkər. 
"BAHA" - eyni malı əsas rəqiblərdən daha yüksək qiymətə satmaqdır. Yəni müştərini aldatmaq siyasəti güdür. Əgər eyni tipli mallar təqdim edirsinizsə rəqiblərinizdən "BAHA" satmaq şansınız yoxdur. Bu məhvə dəvət çıxarmaq kimi bir şeydir.
"BAHALI" - hər hansı bir malın Premium çeşidini satmaqdır. Mağaza daxilində "BAHALI" malların satılması əlavə müştəri cəlb edər və satışlarınızı artırar.
Üçüncüsü, bütün məhsullarınızın üzərində qiymətləri olsun. Müasir müştəri qiymət soruşmaq əvəzinə mağazanızı tərk etməyi seçəcək. Onlara bu seçimi verib-verməmək Sizin əlinizdədir. 

   Təbii ki, yuxarıda qeyd etdiklərim hamısı deyil, ancaq bu 3 mövzu üzərində fokslanıb ciddi irəliləyişlər əldə etsəniz fərqi dərhal görəcəksiniz. Sonda Sizə israrla bir tövsiyə vermək istəyirəm: Müştərini incitməyin, qəlbini qırmayın, aldatmayın və ən əsası QAÇIRTMAYIN. Çünki o hər zaman Sizə lazım olacaq.

   Əgər müştərilərinizlə belə bir sıxıntınız varsa bu məsələdə sizə Professional dəstək verməkdən məmnun olaram.


www.royalibrahim.az
Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...


18 Nisan 2018 Çarşamba

REKLAMMI VERSƏK, KAMPANİYAMI ETSƏK?

    Əfsuslar olsun ki, sayları hələlik az da olsa artıq bizdə də sahibkarlar yeni Ticarət dünyasının tələblərini qəbul etməyə başlayırlar. Artıq anlayırlar ki, sadəcə məhsulu yaradıb, qiymətini təyin edib, satış nöqtəsinə yerləşdirməklə iş bitmir. Bu məhsulu müştərilərə tanıtmaq, seçim üstünlüyü yaratmaq, bir sözlə markalaşdırmaq lazımdır. Yəni təqdim olunan məhsulu qısa və uzun vadədə dəstəkləmək lazımdır. Amma necə?!

    Bu mövzu ətrafında olan görüşlərimizin əksəriyyətində sahibkarların çoxunu eyni sual maraqlandırır: "Məhsulumuzu markalaşdırmaq və satışlarımızı artırmaq üçün Reklammı vermək doğrudur, yoxsa Kampaniyamı etmək?"

    Bu məqaləmdə bu sualı ətraflı şəkildə açıqlamağa çalışacam. Sona qədər oxusanız əminəm ki, faydalancağınız bir çox məlumat əldə edəcəksiniz.

    Reklam və kampaniya, hədəf müştərilərlə əlaqə qurmaq, seçim üstünlüyü yaratmaq və rəqiblərə görə daha təsirli olmaq üçün istifadə edilən taktikalardır. Ancaq hər 2 taktika istər hədəfləri, istərsə də işləmə mexanizmi baxımından bir-birindən ciddi fərqlənir. Əminəm ki, bu fərqlilikləri anlamaq onları daha doğru bir şəkildə istifadə etmənizə yardımçı olacaqdır.


     REKLAM VƏ ONUN ƏSAS XÜSUSİYYƏTLƏRİ

    Sevindirici haldır ki, reklamla bağlı cəmiyyətimizdə olan "Yaxşı mal reklam olunmaz!" stereotipi artıq qırılmaqdadır. Mövcud günümüzdə istər markaları, istər televiziya kanallarını, istərsə də sıradan bir günümüzü reklamsız təsəvvür etmək mümkün deyil. Qəbul etmək lazımdır ki, biz istəsək də, istəməsək də reklam artıq həyatımızın ayrılmaz bir parçasına çevrilmişdir. Reklam olmadan Müasir Marketinqi də təsəvvür etmək hardasa imkansızdır. Ona görə də bu vacibiyyəti anlayan əksər firmalar reklama müraciət edirlər.

    Reklam, əsas olaraq son tükəticiləri hədəf alar, onların diqqətini çəkər, markanın varlığını onlara göstərər və satış ərəfəsində onların yaddaşına markanın gəlməsini təmin edər. Ancaq reklamın işləmə prinsipini bilmədən bu fəaliyyəti tətbiq etmək şirkətinizə yalnız zərər verə bilər. Çünki hər reklam şirkətinizə fayda verməz.

    Reklamın işləmə prinsipini anlamaq üçün ilk növbədə bir gerçəyi bilmək lazımdır. İnsanların bir ehtiyacları yarandığında ilk öncə, o mal və ya xidmətin aid olduğu kateqoriya ağıllarına gəlir. Daha sonra kateqoriyadakı seçimlərin hamısını dəyərləndirib bir qərar vermək yerinə, hafizələrində olan markalardan birini seçirlər. Bu seçim əksər halda hafizədə daha böyük yer tutmuş marka üzrə olur. Ona görə, Reklamın Əsas Vəzifəsi - insanların zehnində Marka Hafizəsi yaratmaqdır. Əgər verdiyiniz reklamlar hədəf müştərilərinizin zehnində markanızla bağlı bir hafizə yarada bilməmişsə demək ki, o zaman məsrəfləriniz boşa getmişdir.

    Müştərilərinizin zehnində arzuladığınız Marka hafizəsini yarada bilmək üçün Reklamla bağlı çox vacib 2 məqama diqqət etməlisiniz:
  1. Reklamınızı müştərilərinizə İzlədə bilməlisiniz
  2. Verdiyiniz mesajın Hafizədə qalmasını təmin etməlisiniz
    İnsanların ümumi olaraq reklamlara özəl bir marağı yoxdur, hətta reklamları izləmək belə istəməzlər, əksinə reklamlardan qaçmağa çalışırlar. Məhz bir çox reklam izləyicilərin diqqətini çəkə bilmədiyi üçün şirkətlərin böyük məbləğdə pulları boşuna havaya sovrulur. "Bəs bu reklam bombardımanı çağında reklamımızı müştərilərə necə izlədəcəyik?" deyə düşünürsünüzsə bunun tək bir yolu var. Yaradıcılığınızı çalışdırıb, markanın insanların hansı işinə yaradığını duyğusal dillə göstərən reklam hazırlamalısınız. Unutmayın, duyğu daşımayan heç bir mesaj insan hafizəsinə yerləşməz və qərarlarına təsir etməz. Sizə örnək olsun deyə aşağıda 2 reklam qeyd etmişəm:

https://www.youtube.com/watch?v=xqTMwO6ha3U
https://www.youtube.com/watch?v=oSD0YigRW3o
    
   Ancaq bəzi reklamlar da var ki, onlar izləyicilərin diqqətini çəkər, hətta hədəf qrup tərəfindən maraqla izlənər, ancaq çox qısa zamanda unudular. Çünki təkcə izləmək kifayət etməz. Reklamın və verilən mesajın hafizələrdə qalmasını təmin etmək üçün mütləq və mütləq bu reklamı sıx aralıqlarla təkrar etməlisiniz. Əgər bunu etməzsəniz reklamınız çox qısa zamanda unudular və yerini başqa reklamlar tutar. Məhz buna görə hər kəs tərəfindən bilinən dünyaca məşhir markalar (Coca Cola, Ariel, Snickers, Gillette və s.) hər daim reklamlarını təkrar edirlər. Və imkan vermirlər ki, müştəriləri onların marka və mesajlarını bir an belə unutsunlar!

  Şirkətlər satdıqları mal və ya xidmətləri, insanların - niyə, harada, hansı vəziyyətlərdə, nə zaman, kiminlə bərabər, nəyin yanında, hansı şəkildə istifadə etdiklərini göstərən reklamlar hazırlaması gərəkir.
(növbəti məqalələrimdə mütləq reklamla bağlı geniş və gərəkli məlumat yazacam)


    KAMPANİYA VƏ ONUN ƏSAS XÜSUSİYYƏTLƏRİ

   İlk öncə onu qeyd edim ki, millət olaraq kampaniyalı mal almağı həddən artıq çox sevirik. 4 bir yanı iri supermarketlər olduğu halda, yeni bir supermarket açılışı zamanı qapının önünə yığılmış izdihamın bir məqsədi var - bir az daha artıq kampaniyalı mal almaq. Hətta durum elə bir səviyyə gəlib çatıb ki, kampaniya müddəti bitdikdən sonra kampaniyasız mal alan müştəri özünü aldadılmış hiss edir.

   Əlbəttə ki, belə bir vəziyyətdə kampaniyasız mal satmaq, xüsusilə də rəqibləriniz durmadan kampaniya edirsə çox çətindir. Ancaq bütün il boyu kampaniya etmək həm qazancınızı azaldar, həm də marka imicinizə ciddi zərər verər. Bunun üçün edəcəyiniz kampaniyanın dəqiq məqsədi və təyinatı olmalıdır.

   Satış Kampaniyasının məqsədi - potensial müştərini bir malı və ya xidməti test etməsi, alması, nəğd alış-veriş etməsi və ya daha çox alış-veriş etməsi üçün təşviq etməkdir. Ya da qısacası bəlli bir zaman dilimində satışları artırmak üçün edilən təşviq və hədiyyələrdir. Əgər kampaniyanı yalnız, rəqibdən qalma dala, plana çatmaq üçün və ya satış komandası istəyir deyə edirsinizsə əmin olun ki, bu vəsaitinizi boşa xərcləməkdən başqa bir şey deyildir.

Kampaniya ilə bağlı bir neçə vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm:
  • Satış kampaniyası zamanı diqqət etməniz gərəkən ən önəmli məsələlərdən biri kampaniyanın yeni müştəriləri cəlb etməsidir. Dünyaca məşhur Filip Kptlerin də dediyi kimi: "Satış kampaniyalarının ən pisi, yalnız mövcud müştərilərin reaksiya verdiyi kampaniyalardır."
  • Dağıtım kanallarına və satış nöqtələrinə edilən kampaniyalardan mümkün qədər qaçınılmalıdır. Kampaniyada verilən fayda alıcıya və ya son tükəticiyə çatmalıdır. Əgər dağıtım kanallarında bir problem varsa və ya yeni bir mal bazara təqdim edilirsə istisna kimi dəyərləndirmək olar.
  • Məhsulunuza uyğun özəl günlər varsa (il sonu, bayram, sevgililər günü və s.) mütləq kampaniyalarla bu fürsətdən yararlanmalısınız. Ancaq bu cür kampaniyalar çox öncədən planlanmalı və yaranacaq əlavə tələbə uyğun hazırlanmalıdır.
Satış kampaniyaları ilə bağlı ətraflı məlumatı aşağıda linkini qeyd etdiyim məqaləmdən oxuyub faydalana bilərsiniz:
https://ibrahimovroyal.blogspot.com/2017/11/kampaniyalar-satisi-artirirmi.html


    Hər 2 taktika haqqında bu qədər bəhs etdikdən sonra gələk Sizin sualınıza: "REKLAMMI VERSƏK, KAMPANİYAMI ETSƏK?"

    Bu suala doğru cavab verə bilmək üçün hər şeydən əvvəl şirkətinizin Marketinq Strategiyasına əsaslanmalısınız. Yəni atacağınız hər bir addım, verəcəyiniz hər bir qərar Marketinq Strategiyanızı dəstəkləyəcək şəkildə olmalıdır. Amma məsələyə ümumi prizmadan yanaşarıqsa sağlıqlı və sığortalı şəkildə böyümək üçün şirkətinizin Güclü Markalara ehtiyacı vardır. Güclü marka yaratmaq üçün isə markanızı qısa və uzun vadədə dəstəkləməlisiniz.

    Marka dəstəkləməsini sadəcə Kampaniya ilə edərsinizsə satışlarınız müvəqqəti olaraq artar, ancaq uzun vadədə markanıza bir qatqısı olmaz. Sadəcə Reklam verərək də markanızı dəstəkləmək (xüsusilə də kampaniyanı sevən ölkəmizdə) yetərli olmaz. Çünki reklam, uzun vadədə markanızı dəstəkləməyə yardımçı olar, yəni reklam verdinizsə həmən təsir göstərib qısa vadədə satışlarınızı artırmaz. Ona görə də ən doğru yanaşma hər məcrada proqramlı şəkildə dəstəkdir. Yəni büdcənizi doğru bölüşdürüb həm reklam verməli, həm də kampaniya keçirməlisiniz.

    UNUTMAYIN: Reklam, müştərinizə malı və ya xidməti niyə alması gərəkdiyini söyləyər, satış kampaniyaları isə bu malın və ya xidmətin alışı üçün müştərilərinizi təşviq edər.


    Reklam və Kampaniyaları gərəkdiyi şəkildə hazırlayıb, Markalarınızı dəstəkləmək və satışlarınızı artırmaq istəyirsinizsə bu işdə Sizə professional dəstək verməkdən məmnun olaram.

Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...