Satış hədəfi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Satış hədəfi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Ocak 2019 Perşembe

1%-lik ARTIŞ SİZİ NECƏ DƏYİŞDİRƏR?


   Dave Brailsford 2010-cu ildə İngiltərə Professional Velosiped komandası "Team Sky"-ın başına gətirilir. 2010-cü ilə qədər heç bir İngilis komandası velosiped idmanının ən prestijli yarışlarından biri olan Tour de France-ı qazanmamışdı. Dave Brailsford bunu dəyişdirmək üçün bu vəzifəyə gətirilir.
   Brailsfordun yanaşması bəsitdi, "marjinal qazancların biraraya gəlməsi" olaraq adlandırdığı bir konseptə inandı. Bunu "gördüyünüz hər şeydə yaxşılaşmaq üçün 1%-lik bir pay" olaraq açıqladı. Velosipedlə əlaqəli hər sahədə sadəcə 1% yaxşılaşdırma əldə edə bilərsə, bu kiçik qazancların kifayət qədər böyük dəyişim və inkişafa yol açacağına inanırdı.
   İlk olaraq ağlınıza gələ biləcək təməl şeyləri optimizasiya edərək işə başladılar:
  • idmançıların bəslənməsi
  • həftəlik təlim proqramı
  • velosiped oturacağının erqonomiyası
  • təkərlərin ağırlığı və s.
Amma Brailsford və komandası orada dayanmadı. Digər komandalar tərəfindən gözdən qaçırılan, önəm verilməyən kiçik detallarda 1%-lik yaxşılaşdırmalar tapmaq üçün çox çalışdılar. Hər bir idmançı ilə ayrı-ayrı edilən çalışmalarda ən yaxşı yuxunu təmin edən yastığı kəşf etdilər və qaldıqları otellərə öz yanlarında apardılar. Hansı mühitdə daha rahat yata biləcəklərini araşdırdılar. Ən təsirli masaj jelini tapmaq üçün çalışdılar. Velosipedçilər infeksiyadan qorunmaq üçün əllərini necə yuması gərəkdiyinə dair təlimlər belə aldı. Bir sözlə ağla gələ biləcək hər sahədə 1%-lik yaxşılaşdırma axtardılar.
   Brailsford, bu strategiyanı uğurlu bir şəkildə həyata keçirə bilərsə, Team Sky-ın 5 il içində Tour de France-ı qazanacaq bir mövqeydə olacağına inanırdı. Ancaq yanıldı. 5 deyil, 3 il içində uğur qazandılar.
   2012 ilində Team Sky-ın velosipedçilərindən Sir Bradley Wiggins, Tour de France-ı qazanan ilk İngilis velosipedçisi oldu. Eyni il, Brailsford 2012 Olimpiada Oyunlarında İngilis Velosiped komandasına koçluq etdi və Team Sky mövcud qızıl medalların yüzdə 70-ni qazanaraq olimpiadaya damğasını vurdu. 2013 ilində Team Sky, Tour de France-ı təkrar qazanaraq, bu dəfə də Chris Froome ilə uğurunu təkrarladı. Chris Froome daha sonra 2015, 2016 və 2017-də də birinciliyi qazanaraq komandasını əfsanələr arasına daşıdı. Bir çox idman yazarı Team Sky-ı son 10 ilin "Ən yaxşı Modern Velosiped Komandası" elan etdi.

     Bu yaşanmış gerçək hadisə bizə HANSI mesajı ötürdü?

   Məncə ilin ilk aylarında bu mövzu üzərində bir qədər düşünməyin tam zamanıdır. Çünki məhz bu ərəfələrdə demək olar ki, bütün şirkətlərdə illik Artım faizləri və illik Satış Planları təyin edilib icraatına başlanılır. Təbii ki, bu normaldır - keçən illərə görə artım faizi olmazsa olmaz! "Böyümürsünüzsə kiçilirsiniz" prinsipi bütün sektorlar üçün keçərlidir.
   Ancaq anormal olan təyin etdiyiniz artım faizləridir. Sanki bazarda böyük bir boşluq yaranıb və ya yeni innovativ məhsul çıxarmısınız kimi keçən ilə görə 15, 20, 25%-lik artımlar təyin edirsiniz. Heç özünüzə səmimi olaraq bu sualı verirsinizmi: "Bu artım %-lərini nəyin əsasında təyin etmisiniz?" Durun, mən sizin yerinizə cavablandırım - "Sahibkar belə istəyir!". Siz də haqlısınız, bizim sahibkarlar üçün 3 artım tempi var: sürətli, daha sürətli, ən sürətli.
    Əgər bu 3 artım tempindən birini gerçəkləşdirə bilmirsinizsə o zaman sahibkara görə artım etməmisiniz. Ancaq unutduğunuz bir məqam var: Optimal artım, mümkün olan ən sürətli artım tempinin çox altındadır. Və təyin etdiyiniz bu yüksək artım tempi yalnız 2 şeyə xidmət edəcək:
  1. Özünüzü aldatmaq
  2. Çalışanlarınızın motivasyonunu qırmaq
   İnkişaf etmək istəyirsinizsə bir şeyi anlamaq və qəbul etmək lazımdır: Artım tempi nəticə deyil vasitədir. Yəni Satışlarınızın artımını hədəfləmək yerinə bu artımı təmin edəcək prosesləri yaxşılaşdırmağa (artırmağa) çalışın. Eyni ilə Brailsford-un etdiyi kimi - Məhsullarınızın keyfiyyətini, müştəri məmnuniyyətinizi, çalışanlarınızın motivasyonunu, iş axışlarınızı, xidmət keyfiyyətinizi, qiymətlərinizi, tanıtımınızı, logistikanızı, xammal tədarükünüzü və s. bütün alt sistemlərinizi yaxşılaşdırmağa çalışın. Özü də çox deyil, cəmisi 1%. Bütün bi alt sistemlərdəki 1%-lik artış əmin olun ki, Satışlarınızı çox yüksəklərə qaldıracaq. Tərsi mümkün deyil.

    UNUTMAYIN ki, düz yolda gedən tısbağa əyri yolda gedən yarış atını hər zaman keçər.

  Ümidvaram ki, bu qeydlərim Şirkətinizin inkişafı və artım tempinizin təyin edilməsində düşüncələrinizi aydınladacaqdır.
  Əgər bu və bu kimi məsələrlə bağlı daha əhatəli dəstəyə ehtiyacınız olarsa Sizə professional xidmət göstərməkdən məmnun olaram.
Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...


26 Aralık 2018 Çarşamba

SATIŞ TƏMSİLÇİSİNƏ NECƏ SATDIRMALI ?

    Əksər şirkətlərdə, Satıcı və ya Satış təmsilçiləri ilə bağlı sıxıntılar demək olar ki eynidir. Satış təmsilçilər işə alınır, qısa bir müddət hər şey qaydasında gedir və çox keçmədən narazılıqlar başlanır. Şirkət Satış təmsilçisinin işindən narazılıq edir, Satış təmsilçisi də şirkətin onu anlamamasından. Və beləcə bu məsələ şirkətdə qütbləşmə yaradır.
 
    Konsultant kimi dəvət olunduğum şirkətlərdə, məsələnin həll yolunu araşdırarkən hər 2 tərəflə də söhbət edirəm. Və bu zaman hər 2 tərəfin israrla haqlı olduğunu iddia etdiyini görürəm. Əslində hər 2 tərəf də özlüyündə haqlıdır. Amma məsələnin çözümü üçün bir tərəfdən dəyişimə başlamaq lazımdır. Bəs dəyişimə hansı tərəfdən başlamaq lazımdır? Şirkət mövqeyindən, yoxsa Satıcı? Bu sualı doğru cavablandırmaq üçün gəlin müasir Satış Reallığına nəzər salaq və onu anlamağa çalışaq. Çünki məsələnin doğru həll yolu bu detalda gizlidir.

    Müasir Satış dünyanın ƏN ÇƏTİN peşələrindən biridir. Və Satışı bu qədər ÇƏTİN edən başlıca 2 amil var:
  1. Müştəri Etirazları (və ya Rədd Cavabları)
  2. Şirkətin Aylıq Satış Planları
Biri satış təmsilçisinə aşağıdan yuxarı, digəri isə yuxarıdan aşağı təzyiq edir. Əgər bu 2 amilin heç biri olmasa idi, dünyada Satıcılıqdan gözəl və arzu edilən sənət olmazdı. Düşünün ki, satıcı hər döydüyü qapıya satış edir və ya müştərilər özləri alış etmək üçün satıcını axtarırlar, hətta telefonla dəvət edirlər. Digər tərəfdən də aylıq satışla bağlı şirkət tərəfindən heç bir rəqəm tələbi yoxdur, yəni nə qədər satarsan sat. Bu durumu təsəvvür etmək belə adama "Cənnət Duyğusu" yaşadır, elə deyilmi? Amma əfsuslar olsun ki, bu yalnız xəyallarda ola bilər. Bildiyiniz kimi gerçəklik tamamilə fərqlidir.

    Bu 2 amilin təsiri ilə kifayət qədər yüklənmiş satıcıları çox sıxmağınız onları itirmənizlə nəticələnəcək. Və ya ən yaxşı halda bu yoldaşlar özlərini qapadıb, "Ətalət" rejiminə keçirəcəklər. Digər tərəfdən isə Satıcıların potensialından yetərincə istifadə etməzsəniz bu dəfə şirkətiniz geri qalacaq, inkişafınız olmayacaq.

  -"Belə bir durumda, Bəs orta yolu necə tapaq?"   -"Satıcıları Necə Doğru şəkildə Yönləndirək?"  deyə düşünürsünüzsə, oxuduğunuz məqaləm tam bu mövzü ilə bağlıdır. Sizləri əmin edirəm ki, qeydlərimi sona qədər oxuyub, mənimsəyib, iş prosesinizə tətbiq etsəniz ciddi dəyişimləri özünüz görəcəksiniz.

     Düşünürəm ki, Amerikada aparılmış bir araşdırmanın nəticəsi sözügedən məsələnin həllində yolumuza kifayət qədər geniş işıq tutacaq.

Araşdırma, universitetdə bir "Yemək Yardım Proyekti" olaraq aparılır. Belə ki, araşdırmaya qatılan tələbələrdən öz yoldaşlarını 2 qruba ayırmaları istənir:
  1. Yemək yardımına qatılma ehtimalı Ən Az Olanlar; (biz bunu şərti olaraq "A" ilə işarə edək)
  2. Yemək yardımına qatılma ehtimalı Ən Çox Olanlar; (bunu da "Ç" ilə işarə edək)
Sonra araşdırmaçılar hər qrubu say etibarı ilə təkrar 2 yerə bölürlər. Yəni A1, A2, Ç1 və Ç2 olaraq 4 qrup yaranır (A1 ilə A2, Ç1 ilə də Ç2 bir-birindən heç nə ilə fərqlənmir). Daha sonra Yardıma qatılma ehtimalı Ən Az olan qrubun yarısı (A1) ilə Ən Çox olan qrupun yarısında (Ç1) yer alan tələbələrə bir məktub göndərirlər. Ancaq bu prosesi edərkən 3 amilə xüsusi diqqət edirlər:
  • Məktublar hər bir tələbənin şəxsən "Adına" yazılır;
  • Məktubda dəqiq olaraq hansı yemək çeşidinin verilməsi və bu yemək paketinin dəqiq olaraq hara gətirilməsi göstərilir;
  • Həmin tələbələrə bir neçə gün sonra telefonla zəng edilərək təkrar xatırlatma edilir.
   Hər 2 qrupun geri qalan yarısı, yəni A2 ilə Ç2 qrupunda olan tələbələr isə fərqli bir məktub alır. Belə ki, araşdırmacılar bu məktubu ismən deyi, "Sevgili Tələbə" deyə xitab edərək qələmə almışlardı. Bundan əlavə məktubda dəqiq bir yemək çeşidi və yeməyin gətiriləcəyi yer göstərilməmişdi. Və bu qrupdakı tələbələrin heç birinə təkrar xatırlatma da edilmədi.

   Araşdırmanın əsas məqsədi 2 vacib istiqaməti ölçmək idi. Yəni hansı daha çox önəmlidi: Niyyət, yoxsa Yönləndirmə? Diqqət etdinizsə araşdırmanın başında tələbələr öz yoldaşlarını yalnız niyyətlərinə görə 2 qrupa bölmüşdülər. Daha sonra isə araşdırmaçılar Məktubun məzmunu vasitəsilə ilə yönləndirmə etməyə çalışdılar. Nəticələr həqiqətən çox təəccüblü idi.

   Yardıma qatılma ehtimalı Ən Az olan qrupdakı tələbələrdən ətraflı məlumat göstərilməyən məktubu alanlardan, yəni A2 qrupunda olan tələbələrdən heç biri yemək yardımına qatılmadı. Sadə şəkildə desək, niyyəti az olan və yönləndirilmə edilməyən tələbələr Yardıma qatılmadı. Ancaq yardıma etməyə niyyətli olub eyni standart məktubu alanlar da (Ç2) o qədər cömərd deyillərdi. Onların sadəcə 8%-i Yemək yardımına qatıldı. Bunu da sadələşdirsək, niyyəti yüksək olan, ancaq kifayət qədər detallı məlumatlandırılmayan tələbələrin dəstəyi də ürək açan deyildi.

   Buna qarşılıq, ediləcəklərlə bağlı detallı bilgi verən məktubun təsiri həqiqətən böyük oldu. Belə ki, Yardım etmə ehtimalı Ən Az olan, amma net bilgilər göstərilmiş məktubu alan tələbələrin (A1) 25%-i Yemək yardımına qatıldı. Onları hərəkətə keçirən şey tələbin özü deyildi, edilməsi gərəkənlərə dəqiq YOL GÖSTƏRİLMİŞ olması idi. Özəl bir tələb və bunun nə şəkildə yerinə yetiriləcəyinin açıq bir şəkildə təqdim edilməsi, niyyəti Ən Az olan ancaq ciddi yönləndirilən qrupun (A1), Niyyəti Ən Çox olan ancaq gərəkli şəkildə yönləndirilməyən qrupdan (Ç2) 3 qat daha çox yardım etməsini təmin etdi.

   Bu araşdırmadan çıxan nəticəni ümumiləşdirsək: "Düşüncələrin net olmasına baxmayaraq, izlənəcək yolun net olmaması insanların hərəkətsiz qalmasına yol açır."

   Bu araşdırmadan çıxan nəticə, birə-bir bizim şirkətlərin yaşadığı sıxıntıların həllinə işıq tutur. Siz nə qədər niyyəti yaxşı və satış həvəsi yüksək olan Satış təmsilçilərini işə alsanız da, əgər onları doğru yönləndirə bilməsəniz sonda mütləq sıxıntı ilə üzləşəcəksəniz. Yəni yuxarıda qeyd etdiyim suala geri dönəcək olarsaq, ilk öncə dəyişimə yuxarıdan başlamaq lazımdır. Əgər səmimi olaraq cavablandıra biləcəksinizsə özünüzə belə bir sual verin: "Satış təmsilçilərimizi gərəkdiyi səviyyədə Doğru yönləndirə bilirikmi?" Ancaq ilk başdan onu deyim ki, Doğru yönləndirmə, əksər şirkətlərin etdiyi kimi yalnızca "SAT" deməklə olmur. Çünki Satış təmsilçiləri zatən işlərinin satış olduqlarını bilirlər.

   Doğru yönləndirmə üçün mürəkkəb və qarmaşıq sistemlər qurmağa gərək yoxdur. Yuxarıdakı araşdırmada göstərilən 3 addımı eyni ilə tətbiq etsəniz kifayət qədər irəli səviyyəyə gedəcəksiniz. O addımları satış prosesinə uyğunlaşdırsaq:
  1. Hər bir satış təmsilçinizin işinə də, uğuruna da, sıxıntısına da İNDİVİDUAL (Şəxsi olaraq) yanaşın
  2. Yalnız müştəri siyahısı və aylıq planları verməklə kifayətlənməyin. Ona bu planları NECƏ gerçəkləşdirə biləcəyinin yolunu göstərin. Hər şeyi detallı izah edin. 
  3. Göstərdiyiniz yolu 1 dəfə deməklə iş bitməz. Bunu sıx-sıx TƏKRARLAYIN, günlük, həftəlik xatırlatma edin. Ancaq bunu edərkən sevgi ilə edin, onunla eyni tərəfdə olduğunuzu hiss etdirin.
Doğru yönləndirmə ilə niyyəti və həvəsi zəif olan satış təmsilçilərindən belə yüksək nəticə əldə edə biləcəksiniz

     Ümidvaram ki, bu qeydlərim satış təmsilçilərinizin yönləndirilməsində yolunuza işıq tutacaqdır. Əgər bu və bu kimi məsələlərlə bağlı daha əhatəli dəstəyə ehtiyacınız olarsa Sizə professional xidmət göstərməkdən  məmnun olaram. 
Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...




6 Kasım 2016 Pazar

BÖLGƏ MÜDİRLƏRİNİZDƏ BU ÖZƏLLİKLƏR VARMI?

   Satış komandasının aylıq hədəflərini reallaşdıra bilməsi ilə bağlı olan məqaləmin 2-ci hissəsini Sizlərə təqdim edirəm.
   Keçən məqaləmdə qeyd etdim ki, əgər satış komandanız aylıq hədəflərinə çata bilmirsə bunun yeganə səbəbkarı satış təmsilçiləri yox, bir sıra səbəblər ola bilər. Bu səbəblərdən biri və ən mühümülərindən olan bölgə müdiri barəsində qısaca bəhs etmişdim. Düzdü, həmin məqalədə qeyd etdiyim fikirlərlə bir çox insanlar razılaşdı, ancaq bununla yanaşı fərqli fikir bildirənlər də oldu. Ancaq mən bir çox şirkətdə bölgə müdirinin işə yanaşmasını dəyişməsi ilə eyni ərazidə, eyni satış heyyəti və eyni mal paketi ilə fərqli nəticələrə nail olunmasının dəfələrlə şahidi olmuşam.

    Bir daha qeyd edirəm ki, şirkətin aylıq hədəflərinin reallaşdırılmasında bölgə müdirlərinin müstəsna əhəmiyyəti vardır. Əgər bölgə müdirləriniz vacib 2 funksiyanı yerinə yetirə bilmirsə demək ki, planlarınızın reallaşdırılması həmişə sual altında olacaq. Bu funksiyalardan biri satış heyyətinin doğru idarə edilməsi, digəri isə ərazisində olan potensiallı müştəriləri tanıması və sağlam ticari əlaqələr qurmasıdır.

   Satış heyyətinin doğru idarə edilməsi dedikdə, bölgə müdiri olaraq satış təmsilçilərinə iki istiqamətdə davranış göstərə bilərsiniz:

  1. Yönləndirici davranış; 
  2. Dəstəkləyici davranış.

    Bölgə müdiri hər gün yalnız aylıq plan və fakt satışları qarşılaşdırmaqla uğurlu nəticə əldə edə bilməz. Satış heyyətini doğru yönləndirmək üçün bölgə müdirinin satış və verimlilik analizlərini bilməsi gərəkir. Örnək olaraq bunlardan bəzilərini aşağıda qeyd edirəm:
  • Hər bir satış təmsilçisinin ortalama günlük sifariş(satış) miqdarı
  • Ziyarət başına ortalama sifariş(satış) miqdarı
  • Qazanılan müştəri sayı
  • İtirilən müştəri sayı
  • Satışa nisbətən qaytarma miqdarı
  • Satış təmsilçilərinin verimli iş zamanı sərfiyyatı
  • Vadəsi çatan müştəri borclarına nəzarət
  • Müştərilər üzrə hasilat/qalıq balansına nəzarət və s.
    Bəzi şirkətlərdə bölgə müdirləri nəyinki bu analizləri bilmirlər, hətta Excel-dən doğru-dürüst istifadə etməyi belə bacarmırlar. Bu analizləri aparmadan hər gün səhər tezdən satış heyyətinə “nə olur olsun aylıq planları vurmalıyıq” deməklə iş getməz! Satış heyyətini analizlərlə doğru idarə etməriksə satış heyəti “doğru” şəkildə bölgə müdirlərini idarə edər. Əgər söhbət satışdan gedirsə, satış rəqəmsaldır, rəqəmlər isə analizi sevir. Analiz edin və satış heyytinizi doğru yönləndirin.
    Ancaq tək yönləndirməklə iş bitmir, gərək mütəmadi dəstək də olasınız. Gərəkdiyində motivə edəsiniz, gərəkdiyində nöqsanlarını dostcasına bildirəsiniz, gərəkdiyində isə yetgi verəsiniz.

    Yuxarıda qeyd etmişdim ki, bölgə müdirinin digər vacib funksiyası ərazisində olan potensiallı müştəriləri tanıması və sağlam ticari əlaqələr qurmasıdır. Bəli bölgə müdiri iş zamanının yarıdan çoxunu ərazidə, potensiallı müştərilərin yanında keçirməlidir. Çünki satışın qəlbi ünsiyyətdir və şirkətin rəhbər nümayəndəsi olaraq potensiallı müştərilərlə qurulan hər bir sağlam bağlantı şirkət hədəflərinin reallaşdırılmasında müstəsna əhəmiyyət kəsb edəcək.

    Bölgə müdirlərinizdə yuxarıda qeyd etdiyim özəlliklər varmı? Varsa, ancaq şirkətiniz aylıq hədəflərini reallaşdıra bilmirsə o zaman səbəbini satış heyyətində axtarmayın. Digər səbəblər barəsində növbəti məqalələrdə qeyd edəcəm.


   Əgər bu kimi məsələlərlə bağlı daha əhatəli bilgi almaq istərsəniz Sizə professional dəstək verməkdən məmnun olaram.

Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...