14 Kasım 2016 Pazartesi

REKLAM VERMƏDƏN ÖNCƏ NƏLƏR ETMƏLİSİNİZ?

    Son zamanlar ölkəmizdə marketinqlə bağlı atılan addımlar, keçirilən marketinq tədbirləri və forumlar, yazılan məqalə və bloqlar təqdirəlayiq və alqışlanasıdır. Çünki bu addımların hamısı Marketinqimizin inkişafı və əhəmiyyətinin anlaşılması üçündür. Ancaq bu qədər işlərin görülməsinə baxmayaraq şirkətlərdə gördüyüm real vəziyyətlər onu deməyə əsas verir ki, marketinq hələ də öz gücünü və dəyərini tam izah edə bilməmişdir. Hələ də əksər şirkətlərimizdə Marketinq fəaliyyəti dedikdə satış, kampaniya, reklam, merçendayzinq və s. fəaiyyətlər anlaşılır. Bunların içindən reklamı xüsusilə qeyd etmək istəyirəm. Çünki mövcud günümüzdə "Marketinq = Reklam" düşüncə eyniliyi nəyinki şirkətlərdə, hətta siravi vətəndaşlarda da eyni şəkildədir. "Marketinq fəaliyyəti ilə məşğul oluram" dedikdə "Hə bildim, reklam fəaliyyəti demək istəyirsən?" deyən o qədər dost-tanışlar var ki saymaqla bitməz. Hərgah ki vəziyyət budursa olsun!, deyəcək bir sözüm yoxdur. Ancaq o zaman marketinqin güvənilir və doğru yerinə oturması üçün effektiv reklam fəaliyyəti aparılmalıdır. Çünki bildiyiniz kimi reklamların saniyəsi belə yüksək pul məbləğləri deməkdir. Yanlış reklam fəaliyyəti ilə şirkətlərə külli miqdarda ziyan dəydikdən sonra çətin ki, həmin şirkətlərin reklama (yəni "marketinqə) inamı və güvəni olsun. Bu isə marketinqin "doğulmamış ölümü" deməkdir.

   Təəssüflər olsun ki, bugün olkəmizdə yaradılan reklamların əksəriyyəti uğursuz olur. Düzdü çəkilən həmin reklamların keyfiyyətində və verdiyi mesajlarda  kifayət qədər nöqsanlar var. Amma burada vacib başqa bir məqam - reklam vermədən öncə ediləcəkləri də unutmamaqdır. Çox təəssüflər ki, ölkəmizdə hələ də reklam verənə qədər gərəkən hazırlıqları etmədən sadəcə yaradıcı reklam fikrinə bel bağlayaraq xaliqələr gözləyən şirkətlərin sayı həddən çoxdur. Bəs o zaman nə etməli, reklamdan öncə nələr etməliyik deyə düşünürsünüzsə oxumağa davam.

   Reklam verməmişdən öncə özünüzdən soruşacağınız ilk sual bu olmalıdır: "Şirkətimizin qarşısına qoyduğu hədəfə çatmaq üçün reklam həll yolu olacaqmı?" (Amma xahiş edirəm bu sualı səmimi olaraq cavablandırın). Çünki bir çox aşikar problemlər olduğu halda reklama qurtuluş yolu kimi baxan firmalar kəsinliklə yanılırlar. Əgər sizin də aşağıda qeyd etdiyim nöqsan və ya çatışmamazlıqlarınız varsa onları aradan qaldırıb, daha sonra reklam verməyiniz doğru olar.

   1. Məhsul və ya xidmətinizin keyfiyyəti, qablaşdırılması və qiyməti ilə bağlı problemlər varmı? - unutmayın indiki zamanda keyfiyyət amili rəqabətdə üstünlük meyarına çevrilə bilməz. Yəni keyfiyyət olmazsa olmazlardandır, hədəf kütlənizin tələb etdiyi keyfiyyətdə olmalısınız, əks təqdirdə məhvə düçar olacaqsınız. Keyfiyyətsiz halda reklam etməyiniz isə bu neqativ sonluğu daha da tezləşdirəcəkdir. Ayrıca keyfiyyət-qiymət mütənasibliyi də reklam vermədən öncə test edilməlidir.

   2. Məhsulunuzun satış nöqtələrinə dağıtımı kifayət qədər gerçəkləşə bilibmi?  - bir insanın gündəlik 3000-dən çox mesaja məruz qaldığı gerçəyindən yola çıxarıqsa sizin reklamınızı müştərinin beynində saxlaması və marketə qaçaraq həmin maldan istəməsi yəqin ki gülünc olar. Əgər siz hədəf kütlənizin olduğu yerlərdə və rəflərdə varsınızsa müştəri məhsulunuzu gördüyü anda reklamı xatırlaması gerçəkləşə bilər. Əgər kifayət qədər dağıtımınız və penetrasiyanız yoxdursa reklama tələsməyin!

   3. Kifayət qədər stokunuz və ya istehsal imkanınız varmı? - stoklarınızın yetərsiz olması və ya istehsalınızın  davamlı olmaması kimi səbəblər, reklam ilə yaradılan tələbin qarşılanmaması vəziyyətinə gətirib çıxaracaqdır ki, bu da müştəridə şirkətinizlə bağlı mənfi imic formalaşdıra bilər.

   4. Şirkətiniz reklam fəaliyyətini davam etdirəcək maddi gücə sahibdirmi? - bildiyiniz kimi Coca-Colanı Şimal buzlu okeanda ağ ayıdan tutmuş Antarktidadakı pinqvinlərə kimi (Famil qardaşımızın gözəl misalından alıntıdır) hamı tanıyır, amma yenə də reklamlar efirdən düşmür ki düşmür. Yəni düşünməyin ki "bir səfər" reklam verməklə iş bitdi, müştərilər həmən sizi qəbul etdi və marka oldunuz. Elə olsa idi böyük şirkətlər hər ay bir mala reklam verməklə milyonlarla marka yaradardılar. Unutmayın ki, reklamın təsiri təkrarlarla və zamanla oturar. Əgər reklamı davamlı təkrarlarla etməzsəniz çox tez bir zamanda hafizələrdən silinərsiniz.

   5. Reklam edəcəyiniz malı mövcud yoxsa yeni marka ilə reklam etməlisiniz? - problemli, mənfi imicli, gözdən düşmüş bir markanı reklam yolu ilə qaldırmaqdansa yeni bir marka ilə reklam etmək və ya başqa bir markanın altına salmaq ən doğru həll yolu ola bilər.

    Dəyərli dostlar, bu qeyd etdiklərimi diqqətlə aldııqdan sonra reklam fəalliyyətini həyata keçirsəniz yüksək nəticələr əldə edəcəyinizdən əminəm.




























Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...

Hiç yorum yok: