31 Ocak 2019 Perşembe

1%-lik ARTIŞ SİZİ NECƏ DƏYİŞDİRƏR?


   Dave Brailsford 2010-cu ildə İngiltərə Professional Velosiped komandası "Team Sky"-ın başına gətirilir. 2010-cü ilə qədər heç bir İngilis komandası velosiped idmanının ən prestijli yarışlarından biri olan Tour de France-ı qazanmamışdı. Dave Brailsford bunu dəyişdirmək üçün bu vəzifəyə gətirilir.
   Brailsfordun yanaşması bəsitdi, "marjinal qazancların biraraya gəlməsi" olaraq adlandırdığı bir konseptə inandı. Bunu "gördüyünüz hər şeydə yaxşılaşmaq üçün 1%-lik bir pay" olaraq açıqladı. Velosipedlə əlaqəli hər sahədə sadəcə 1% yaxşılaşdırma əldə edə bilərsə, bu kiçik qazancların kifayət qədər böyük dəyişim və inkişafa yol açacağına inanırdı.
   İlk olaraq ağlınıza gələ biləcək təməl şeyləri optimizasiya edərək işə başladılar:
  • idmançıların bəslənməsi
  • həftəlik təlim proqramı
  • velosiped oturacağının erqonomiyası
  • təkərlərin ağırlığı və s.
Amma Brailsford və komandası orada dayanmadı. Digər komandalar tərəfindən gözdən qaçırılan, önəm verilməyən kiçik detallarda 1%-lik yaxşılaşdırmalar tapmaq üçün çox çalışdılar. Hər bir idmançı ilə ayrı-ayrı edilən çalışmalarda ən yaxşı yuxunu təmin edən yastığı kəşf etdilər və qaldıqları otellərə öz yanlarında apardılar. Hansı mühitdə daha rahat yata biləcəklərini araşdırdılar. Ən təsirli masaj jelini tapmaq üçün çalışdılar. Velosipedçilər infeksiyadan qorunmaq üçün əllərini necə yuması gərəkdiyinə dair təlimlər belə aldı. Bir sözlə ağla gələ biləcək hər sahədə 1%-lik yaxşılaşdırma axtardılar.
   Brailsford, bu strategiyanı uğurlu bir şəkildə həyata keçirə bilərsə, Team Sky-ın 5 il içində Tour de France-ı qazanacaq bir mövqeydə olacağına inanırdı. Ancaq yanıldı. 5 deyil, 3 il içində uğur qazandılar.
   2012 ilində Team Sky-ın velosipedçilərindən Sir Bradley Wiggins, Tour de France-ı qazanan ilk İngilis velosipedçisi oldu. Eyni il, Brailsford 2012 Olimpiada Oyunlarında İngilis Velosiped komandasına koçluq etdi və Team Sky mövcud qızıl medalların yüzdə 70-ni qazanaraq olimpiadaya damğasını vurdu. 2013 ilində Team Sky, Tour de France-ı təkrar qazanaraq, bu dəfə də Chris Froome ilə uğurunu təkrarladı. Chris Froome daha sonra 2015, 2016 və 2017-də də birinciliyi qazanaraq komandasını əfsanələr arasına daşıdı. Bir çox idman yazarı Team Sky-ı son 10 ilin "Ən yaxşı Modern Velosiped Komandası" elan etdi.

     Bu yaşanmış gerçək hadisə bizə HANSI mesajı ötürdü?

   Məncə ilin ilk aylarında bu mövzu üzərində bir qədər düşünməyin tam zamanıdır. Çünki məhz bu ərəfələrdə demək olar ki, bütün şirkətlərdə illik Artım faizləri və illik Satış Planları təyin edilib icraatına başlanılır. Təbii ki, bu normaldır - keçən illərə görə artım faizi olmazsa olmaz! "Böyümürsünüzsə kiçilirsiniz" prinsipi bütün sektorlar üçün keçərlidir.
   Ancaq anormal olan təyin etdiyiniz artım faizləridir. Sanki bazarda böyük bir boşluq yaranıb və ya yeni innovativ məhsul çıxarmısınız kimi keçən ilə görə 15, 20, 25%-lik artımlar təyin edirsiniz. Heç özünüzə səmimi olaraq bu sualı verirsinizmi: "Bu artım %-lərini nəyin əsasında təyin etmisiniz?" Durun, mən sizin yerinizə cavablandırım - "Sahibkar belə istəyir!". Siz də haqlısınız, bizim sahibkarlar üçün 3 artım tempi var: sürətli, daha sürətli, ən sürətli.
    Əgər bu 3 artım tempindən birini gerçəkləşdirə bilmirsinizsə o zaman sahibkara görə artım etməmisiniz. Ancaq unutduğunuz bir məqam var: Optimal artım, mümkün olan ən sürətli artım tempinin çox altındadır. Və təyin etdiyiniz bu yüksək artım tempi yalnız 2 şeyə xidmət edəcək:
  1. Özünüzü aldatmaq
  2. Çalışanlarınızın motivasyonunu qırmaq
   İnkişaf etmək istəyirsinizsə bir şeyi anlamaq və qəbul etmək lazımdır: Artım tempi nəticə deyil vasitədir. Yəni Satışlarınızın artımını hədəfləmək yerinə bu artımı təmin edəcək prosesləri yaxşılaşdırmağa (artırmağa) çalışın. Eyni ilə Brailsford-un etdiyi kimi - Məhsullarınızın keyfiyyətini, müştəri məmnuniyyətinizi, çalışanlarınızın motivasyonunu, iş axışlarınızı, xidmət keyfiyyətinizi, qiymətlərinizi, tanıtımınızı, logistikanızı, xammal tədarükünüzü və s. bütün alt sistemlərinizi yaxşılaşdırmağa çalışın. Özü də çox deyil, cəmisi 1%. Bütün bi alt sistemlərdəki 1%-lik artış əmin olun ki, Satışlarınızı çox yüksəklərə qaldıracaq. Tərsi mümkün deyil.

    UNUTMAYIN ki, düz yolda gedən tısbağa əyri yolda gedən yarış atını hər zaman keçər.

  Ümidvaram ki, bu qeydlərim Şirkətinizin inkişafı və artım tempinizin təyin edilməsində düşüncələrinizi aydınladacaqdır.
  Əgər bu və bu kimi məsələrlə bağlı daha əhatəli dəstəyə ehtiyacınız olarsa Sizə professional xidmət göstərməkdən məmnun olaram.
Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...