7 Mart 2024 Perşembe

HƏYAT MƏKTƏBİNDƏ UĞURUN SEHRLİ FORMULU

   İnsan övladının həyatı 2 mərhələdən ibarətdir: Məktəb həyatı və Həyat məktəbi

  Ömrümüzün 15 il civarı məktəb həyatında get-gəllərlə keçir. Səbəb isə həyat məktəbində gərəkənləri məktəb həyatında əldə etmək üçün.

Bəs gerçəkdən gərəkənləri əldə edə bilirikmi?

-          İllərlə Riyaziyyat oxuyuruq, ancaq sonda yadda qalan elementar riyaziyyat bilgiləri olur

-          İllərlə Fizika oxuyuruq, içimizdən bir fizik çıxmır

-          İllərlə Kimya keçirik, kimyəvi reaksiya necə aparılır bilmirik

-          İllərlə Çoğrafiya keçirik, koordinatla obyekt təyin edə bilmirik

-          İllərlə Biologiya və Anatomiya keçirik, ancaq Qalxanabənzər vəzinin harada yerləşdiyini dəqiq bilmirik

-          İllərlə Musiqi dərsi keçirik, ancaq notları tanımırıq

-          İllərlə Bədən tərbiyəsi (idman) keçirik, ancaq bu ən yaxşı halda furbol oynamaqdan o tərəfə keçmir.

Görünən odur ki, məktəb həyatı bizə gərəkən bilgiləri ötürməkdə yetərsiz qalır.

   Digər tərəfdən məktəb həyatında bizə öyrədilənlərə nəzər saldıqda açıq aydın görünür ki, sistem bizlərə ancaq BİLGİ  ötürmək üzərinə qurulub. Yəni sistem bizim daha bilgili, daha savadlı, daha intellektual olmağımıza hesablanıb. Burdan belə çıxır ki, biz daha bilgili və savadlı olarıqsa Həyat məktəbində daha uğurlu olarıq!

   40 yaşımda gəldiyim qənaət bunun belə olmadığıdır. İstər iş, istər ailə, istərsə də şəxsi həyatımızda uğurlu ola bilməyimiz çox az həcmdə İntellektual Zəka ilə bağlıdır. İnsanın uğurlu ola bilməsi onun YETKİNLİYİ ilə bağlıdır.

Yetkin insan – Duyğu və düşüncələrini idarə edə bilən insandır.

   İntellektual zəkanın “100%” olması bizim yetkin insan olmağımız anlamına gəlmir. Yetkinlik Emosional zəka ilə bağlıdır.

   Oxford və ya Harvardı bitirmiş birisi Emosional zəkaya sahib deyilsə, onun çox bilgili olması uğurlu olacağı anlamına gəlmir. Düzdür işə qəbul zamanı İntellektual zəka gərəkəcək, ancaq Emosional zəka kifayət deyilsə irəliləmək mümkün olmayacaq. Şəxsən çox bilgili insanlar tanıyıram ki, duyğu və düşüncələrini doğru idarə edə bilmədikləri üçün istər iş həyatında, istərsə də şəxsi həyatlarında uğurlu ola bilmirlər.

Məsələnin təzad tərəfi isə məktəb həyatı bizə Emosional zəka ilə bağlı heç nə öyrətmir. Onun üçün:

-          İş həyatına atılanda qarşılaşdığımız ilk problemdə depresiyaya düşürük

-          Rəhbərimiz bizə “bağırdığında” necə düzgün reaksiya verəcəyimizi bilmirik

-          Üzümüzə gülüb ayağımızdan çəkən iş yoldaşı ilə necə münasibət quracağımızı bilmirik

-          İlk sevgimiz uğursuz olanda depresiyaya düşürük

-          Həyat yoldaşımızla xırda mübahisələrdə həll yolu tapa bilmirik

-          Dostlarımız bizi itirib-axtarmayanda empati qurmaq əvəzinə inciyirik

   Yəni biz insan övladı duyğusal varlıqlarıq. İstənilən münasibətlərdə nə qədər zəkamızdan istifadə etməyə çalışsaq da sonda nöqtəni qoyan duyğularımız olur. Duyğuları formalaşdıran isə düşüncələrdir. Siz mənfi hadisələr haqqında düşünüb müsbət duyğularda ola bilməzsiz.

   Örnək: Deyəlim bir iş yoldaşınız var. Düşünürsüz ki, bu yoldaş sizin uğurunuza sevinmir, əksinə sizi hər məqamda əzməyə çalışır. Siz istəsəz də, istəməsəz də bu düşüncələr həmin insana qarşı sizdə mənfi duyğular yaradacaq.  Sizin emosinal zəkanız yetərli deyilsə, yəni duyğu və düşüncələrinizi idarə etməyi bacarmırsızsa bu mənfi duyğularınızı istənilən məqamda ona ötürəcəksiz. Bu da öz növbəsində sizin iş keyfiyyətinizə mənfi təsir edəcək. Ancaq həmin yoldaş yüksək Emosinal zəkaya sahibdirsə sizin duyğu və düşüncələrinizlə əylənəcək. Bütün məsələlərə pozitiv çərçivədən baxdığı düşünüldüyü üçün daha professional görünəcək. Sizin isə adınız şikayətçi, məsələlərə neqativ yanaşan biri olaraq qalacaq. Sonda Emosinal zəkası yüksək olan həmin yoldaş karyera pilləsini addımladıqda siz yerinizdə sayacaqsınız. Və hər zaman öz-özünüzə deyinəcəksiz ki, mən ondan daha savadlı olduğum halda niyə heç kim məni görmədi.

   Duyğu və düşüncələr yaban atı kimidir. Ona minmək üçün öncədən mütləq tərbiyə etməlisiniz. Əks halda sizi yerə çırpacaq.

   “Təcrübədə emosional intellekt” kitabının müəllifi Castin Bariso emosional zəkanı inkişaf etmək üçün 13 meyar müəyyən edir. Onlardan bəziləri:

-          hisslərin və emosiyaların fərqində olmaq,

-          danışmazdan və ya hərəkət etməzdən əvvəl fasilə vermək,

-          edilən tənqidə fürsət kimi baxmaq,

-          dəyərlərə və prinsiplərə sadiq qalmaq,

-          təsəlli qabiliyyətinə malik olmaq,

-          başqalarını dəyərləndirmək və ruhlandırmaq,

-          üzr istəməyi bacarmaq və səhvləri etiraf etmək,

-          öhdəlikləri yerinə yetirmək,

-          başqalarına kömək etmək.

   Həyatınızın hansı etapında olursuzsa olun, duyğu və düşüncələrinizi tərbiyə edə bilərsiniz. Bu asan işdirmi, qətiyyən yox! Ancaq xırda addımlarla işə başlayın və müsbət nəticələrini gördükcə bu sizi daha da motivə edəcək.

 
Faydalı olması diləyi ilə...